Xədicə İsmayılova ətrafında baş vermiş hadisəyə fərqli münasibətlər bildirildi
"Azadlıq" radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılovanın şikayəti əsasında cinayət işi başlanıb. AzərTAc-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyindən daxil olmuş araşdırma materialları əsasında Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığını pozma) ilə cinayət işi başlanıb. İş üzrə istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb.
Azərbaycan Prezident Administrasiyası Siyasi təhlil və informasiya şöbəsinin
müdiri Elnur Aslanov jurnalist Xədicə İsmayılovanın şəxsi həyatına aid videonun
yayılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti
göstərdiyi siyasi mövqedən, fikir və düşüncələrindən asılı olmayaraq, istənilən
jurnalistin şəxsi həyatına olan müdaxiləni yolverilməz sayır: "Biz bu video
görüntünün yayılmasını Azərbaycanda stabilliyi pozmağa cəhd edən, ölkənin
beynəlxalq imicinə zərər verməyə çalışan və cəmiyyətdə gərginlik və çaşqınlıq
yaratmaq istəyən təxribatçı qüvvələrin təbliğat kampaniyasının bir hissəsi kimi
qəbul edirik. Məsələni hal-hazırda araşdıran Azərbaycan Respublikasının
aidiyyəti hüquq-mühafizə orqanları bu çirkin əməllərin arxasında dayanan
şəxslərin və qüvvələrin üzə çıxarılması və cəzalandırılması üçün əlindən gələni
edəcək.
Azərbaycan hakimiyyəti Xədicə İsmayılovanın şəxsi həyatına olmuş bu müdaxiləni
qəti şəkildə pisləyir və həqiqətin tezliklə üzə çıxacağına inanır".
Dünən isə Avropa Parlamentinin 10 üzvü Azərbaycanda demokratiya və insan
haqlarının vəziyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət
"Azadlıq" radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı
aparılan kampaniyanın pislənməsilə başlayır:
"Dünya Beynəlxalq Qadınlar Gününü qeyd edərkən, Azadlıq Radiosunun jurnalisti
Xədicə İsmayılovaya xüsusi "hədiyyə" göndərildi: şəxsi həyatını göstərən 6 foto
və həqarətlə yazılmış şantaj məktubu. Biz əminik ki, bu hədə onun peşəkar
fəaliyyəti ilə bağlıdır. Belə şeylər demokratik ölkələrdə baş verməməlidir. Bu,
bizi həm də ona görə narahat edir ki, Xədicə İsmayılovanın işinə görə
susdurulma cəhdləri ilk dəfə deyil baş verir".
Müraciətdə qeyd olunur ki, bu hadisə Azərbaycanda insan haqları və demokratiya
mühitinə kəskin zərbə vurur. Qeyd olunur ki, jurnalistlərə hücum və cinayətkarların
cəzasızlıq mühitindən istifadə etməsi onların fəaliyyətinə əngəl törədir. 7 il
əvvəl "Monitor" jurnalının qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun
qatilinin hələ də tapılmamağından narahatlıq vurğulanır.
Müraciət müəllifləri ən sonda yazır: "Biz sizi öz ölkənizdə insan haqları və
azadlıqlarına sayğıya təminat verməyə çağırırıq. Biz sizə müraciət edirik ki,
jurnalist Xədicə İsmayılovanın, o cümlədən digər jurnalist və insan haqları
müdafiəçilərinin şərəf və ləyaqətinin müdafiəsində əlinizdən gələni edəsiniz və
onların qorxu və hədə, şantaj və zorakılıqla üzləşmədən öz peşələrini davam
etdirmək haqqına zəmanət verəsiniz. Avropa parlamentinin Xarici Əlaqələr
Komitəsi təmsilçiləri ilə Bakıdakı son görüşünüzdə də siz özünüz bildirmişsiniz
ki, Azərbaycan insan haqları və demokratik dəyərlərə böyük əhəmiyyət verir".
"Sərhədsiz Reportyorlar" da X.İsmayıla qarşı kampaniyanı pisləyən bəyanat
yayıb. "Bu, onu susdurmaq məqsədilə edilən ilk şantaj deyil. Amma maraqlıdır
ki, qarayaxma kampaniyası hökumətyönlü KİV-lərin böyük dəstəyi ilə həyata
keçirilir. Bu, bir neçə il əvvəl digər müstəqil jurnalistləri gözdən salmaq
üçün istifadə olunan metodları xatırladır. Bu, yolverilməzdir və buna birdəfəlik
son qoyulmalıdır", deyə təşkilatın bəyanatında qeyd edilir.
"Hər bir vətəndaşın şəxsi həyatının toxunulmazlığı hüququ Azərbaycan
Konstitusiyasında təsbit olunub və heç kimin şəxsi həyatına müdaxilə edilə
bilməz". Bu sözləri isə APA-ya açıqlamasında Prezident Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdirinin
sözlərinə görə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, baş vermiş
bütün belə hallarla bağlı müvafiq orqanlar ciddi tədbir görməlidir və görür:
"Şəxsi həyatın toxunulmazlığı fundamental insan hüquqlarından biridir. Bu
hüququ pozanlar qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb
olunmalıdırlar. Jurnalist Xədicə İsmayılovanın məsələsinə gəldikdə isə, deyə
bilərəm ki, biz bu halı pisləyirik və vəzifəsindən, sosial statusundan asılı
olmayaraq insanlara qarşı belə davranışı yolverilməz hesab edirik. Hazırda
məsələ ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırma aparılır və nəticə
barədə əlavə məlumat veriləcək".
Dünən gün ərzində bu olayla bağlı hökumət qurumlarının bir-birinin ardınca
verdiyi bu açıqlamalar isə X.İsmayılovaya səmimi görünmür. "Yeni Müsavat"a
açıqlamasında jurnalist bildirdi ki, bu addımlar tamamilə qeyri-səmimidir. Onun
sözlərinə görə, bu təxribat ölkənin ən yüksək səviyyəsində və hökumət
tərəfindən həyata keçirilib: "Mən buna əminəm. Daxili İşlər naziri və
prokurorluğa martın 9-da, video yayılana qədər müraciət etmişəm. O vaxtdan
indiyə qədər bir müstəntiq də zəng edib, maraqlanmayıb. Çünki araşdırma
aparmayıblar. O materiallar əlimdədir və bilmirəm kimə təqdim edim. O orqanlar
neçə gündür sadəcə araşdırma aparmırlar".
X.İsmayılova dedi ki, hakimiyyət artıq oyunlarının alınmadığını anlayıb. "Onlar
nə məni susdura bildilər, nə də yerli, beynəlxalq ictimaiyyətdən belə təpki
gözləyirdilər", deyən müsahibimiz daha sonra bu olayla bağlı maraqlı bir
məlumatı da bölüşdü: "Məndə məlumat var ki, dünən Prezident Aparatından bir
neçə saytın rəhbərliyinə göstəriş verilib ki, o videonu yerləşdirsinlər və
mənim barəmdə hədyan yaysınlar. Onlar isə bundan imtina ediblər. Bu, onlar üçün
son siqnal olub. Onlar anlayıblar ki, hətta öz komandalarında belə bu
hərəkətləri ilə simpatiya yox, antipatiya doğururlar. Məhz bunun nəticəsidir
ki, indi bu rüsvayçılıqdan belə təmizə çıxmağa çalışırlar. Amma alınmayacaq.
Çünki Azərbaycan xalqı bunu keçib".
X.İsmayılova dedi ki, həmin təxribatla bağlı burada və Amerikada araşdırma
gedir. Görüntüləri yayan saytın guya Amerikada qeydiyyatdan keçdiyi
göstərilmişdi. Elə bilirlərsə ki hər şeyi izsiz ediblər, səhvə yol verirlər.
Bu, artıq dünya səviyyəli təxribatdır. "Azadlıq" radiosu Birləşmiş Ştatların
media orqanıdır. Bu radionun əməkdaşına qarşı cinayət də federal cinayət
sayılır".
O.M.