Elmar Məmmədyarov sinqapurlu və argentinalı həmkarlarını Bakıya dəvət etdi

Elmar Məmmədyarov sinqapurlu və argentinalı həmkarlarını Bakıya dəvət etdi

24 Sentyabr 2014 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov 2014-cü ilin 23 sentyabr tarixində BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Sinqapurun xarici işlər naziri K Şanmuqan ilə görüş keçirmişdir. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı tərəflər ölkələrimiz arasında münasibətlərin cari durumunu yüksək qiymətləndirmiş və iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmişlər. Habelə, qarşılıqlı səfərlər mübadiləsinin intensivləşdirilməsinin münasibətlərin daha da inkişaf etdirilməsində əhəmiyyəti vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov sinqapurlu həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin cari durumu və aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir.

Nazir Elmar Məmmədyarov K Şanmuqanı ölkəmizə rəsmi səfərə dəvət etmiş və onun tərəfindən bu dəvət məmnuniyyətlə qəbul etmişdir.

Xarici İşlər Nazirliyinin digər məlumatında bildirilir ki, nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində 2014-cü ilin 23 sentyabr tarixində Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüş keçirmişdir.

Argentinalı nazir beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirmişdir.

Nazir Elmar Məmmədyarov argentinalı həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat vermişdir.

Nazir Elmar Məmmədyarov Hektor Markos Timermanı ölkəmizə rəsmi səfərə dəvət etmiş və o, bu dəvəti məmnuniyyətlə qəbul etmişdir.

Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları və regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Mediainfo.az