Türkiyə yeni siyasi çaxnaşmalar dövrünə qədəm qoyur

Türkiyə yeni siyasi çaxnaşmalar dövrünə qədəm qoyur

2 Avqust 2019 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə keçirilən son bələdiyyə seçkilərində iqtidar partiyası olan AKP-nin bir çox şəhərlərdə məğlub olması ölkədəki siyasi qüvvələri hərəkətə keçirib. Buna paralel olaraq AKP-nin yaxın illərdə zəifləyərək Türkiyənin siyasi səhnəsindən çəkilərək gedə biləcəyi ehtimalının gündəmə gəlməsi və bunun reallığa çevrilməkdə olması isə ölkədəki bir çox siyasilərin iştahasını artırıb. Bu baxımdan bir vaxtlar Ərdoğanla eyni partiyada çiyin-çiyinə hərəkət edən yüksək səviyyəli AKP rəsmilərinin yeni siyasi partiya qurmaq üçün hərəkətə keçmələri əslində Ərdoğana qarşı ölkə daxilində ikinci cəbhənin açılması anlamına gəlir. Çünki Ərdoğanın başı hazırda daha çox S-400-lərin alınması ilə bağlı ABŞ-la qalmaqala qarışıb. AKP lideri faktiki olaraq adı çəkilən məsələ ilə bağlı Rusiya və ABŞ arasında qalıb və o, bu vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. Üstəlik Aralıq dənizində neft və qaz axtarışı ilə bağlı Avropa İttifaqi və ABŞ tərəfindən təzyiqlərə məruz qalan Ərdoğan həm də NATO-dan çıxarılma təhlükəsi ilə üz-üzə qalıb. Ərdoğanın ölkə daxilində gülənçilərə qarşı açdığı savaş və onları kütləvi şəkildə həbs etdirməsi və buna paralel olaraq iqtisadi vəziyyətin ildən- ilə pisləşməsi də onun xalq arasında nüfuzunu itirməsi ilə müşahidə edilməkdədir. Belə bir vəziyyətdə isə məhz Ərdoğanın keçmiş siyasi tərəfdaşları partiya yaratmaq üçün müxtəlif cəhdlərə baş vururlar. Ərdoğan ən ağır zərbələr də məhz onun keçmiş silahdaşlarından gəlməkdədir. Məsələn, bir vaxtlar Ərdoğanın sağ əli hesab edilən Türkiyənin keçmiş Xarici İşlər naziri və baş nazir köməkçisi Ali Babacan hakim Ədalət və İnkişaf partiyasından istefa verib. O, bunu yazılı açıqlama ilə elan edib. Babacanın partiyadan ayrılmağının əsas səbəbi olaraq fikir ayrılığı göstərilir. Babacan istefasını yaydığı bəyanatla elan edib.

“Türkiyənin yeni gələcək vizyona ehtiyacı var. Ölkəmiz üçün hər sahədə doğru analizlər, yenidən düşünülmüş strategiyalar, planlar, proqramlar lazımdır. Türkiyənin bu günü və gələcəyi üçün yeni çalışma başlatmaq qaçılmaz hala gəlib. Mən və bir çox dostlarım belə bir çalışma üçün böyük və tarixi məsuliyyət hiss etməkdəyik. Bu zaman ərzində eyni əxlaqi və ictimai məsuliyyəti hiss edən çox sayda insanla tanış olmaq bizim üçün çox sevindirici idi”, - deyə o bildirib.

Qeyd edək ki, Əli Babacan AKP-nin əsas yaradıcılarından biri sayılır. Bir müddət əvvəl mətbuatda Babacanın eks-prezident Abdulla Güllə yeni partiya yaradacaqlarına dair məlumat yayılmışdı. Amma iş bununla bitməyib.Ərdoğanın digər yaxın silahdaşı, gülənçilərə qarşı savaş açdıran keçmiş baş nazir Əhməd Davudoğlu da AKP-yə arxadan zərbə vurub. Əhməd Davudoğlu Faynenşl Tayms qəzetinə müsahibəsində AKP-ni ədalətsiz siyasət yeritməkdə günahlandırıb. O deyib ki, AKP bir zamanlar ədalət, azadlıq, düşüncə və ifadə azadlığına dəyər verirdi. Ancaq son 3 ildə müşahidə etdiyim qədərilə həyatımız boyu hörmət etdiyimiz təməl dəyərlər gözardı edilir.

Prezident idarəetmə üsulunu tənqid edən Davudoğlu Ərdoğanın əlindəki gücün Türkiyəyə zərər verdiyini və ölkədəki siyasi qurumları zəiflətdiyini bildirib. Hələ də AKP üzvü olduğunu xatırladan Davudoğlu partiyada islahatlar aparılması üçün özündə məsuliyyət hiss etdiyini, ancaq buna çox ümid etmədiyini qeyd edib. Davudoğlunun bu sözləri Ərdoğan tərəfindən xüsusi əsəbiliklə qarşılanıb. Türkiyə prezidenti qeyd edib ki, istənilən halda onun partiyası siyasi güc mərkəzi olaraq qalmaqda davam edəcək . Bir vaxtlar Ərdoğanın az qala kölgəsi hesab edilən Əhməd Davudoğlunun Babacanla birlikdə yeni siyasi partiya yaradılmasında iştirak etməsi isə AKP-nin bəzi keçmiş yüksək vəzifəliləri arasında birmənalı qarşılanmayıb. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahinin eks-baş nazir Əhməd Davudoğlu ilə bağlı verdiyi önəmli bəyanat da bir daha təsdiq edir. M.Ə.Şahin bəyanatında yeni partiya hazırlığında iştirak etdiyi iddia edilən Ə.Davudoğludan verdiyi sözü tutmasını istəyib.

"Əhməd Davudoğlu ilə birgə çalışdıq. Mənim sədr müavini, siyasi və hüquqi işləri sədri kimi bir vəzifəm var idi. Davudoğlu 2016-cı ilin 5 mayında AKP-də mətbuat konfransı keçirdi. "Partiyalı dostlarım və Prezidentimizlə apardığım məsləhətləşmələr nəticəsində vəzifəmdə qalacağam və son nəfəsimə qədər cənab Ərdoğanla münasibətlərimi davam etdirəcəyəm, AKP-də siyasətə davam edəcəyəm". - dedi. Mən cənab Davudoğlunun sözündə durmasını gözləyirəm. Sonra 22 mayda ümumi qurultayımız keçirildi. Özü bu konqresin vida deyil, "vəfa konqresi" olduğunu bildirdi. Son nəfəsinə qədər də AKP daxilində siyasətə davam edəcəyini söylədi. Mənim yaxından tanıdığım, sevdiyim müəllimimin bu yerdə qalmasını arzu edirəm", - Şahin qeyd edib. Yeni siyasi partiyanın yaradılmasında eks prezident Abdulla Gül də yaxından iştirak edir. Abdulla Gül də AKP-nin yaradıcılarından biri hesab edilir və onun nüfuzu bir vaxtlar Ərdoğandan daha yüksək idi. Lakın prezident seçilmək istəyən Ərdoğan Gülü tədricən özündən uzaqlaşdıraraq onu AKP-də tuduğu bütün yüksək vəzifələrdən məhrum etdi. Bundan sonra bir müddət siyasi aləmdə görünməyən və kölgədə qalmağa üstünlük verən Abdulla Gülun adı hələ iki il bundan əvvəl yeni siyasi partiya qurulması cəhdlərində hallandırılırdı. Abdullah Gülün Ərdoğana qarçı hər hansı sərt bəyanata verməməsinə baxmayaraq onun aiələsi AKP-dən narazı olduqlarını cizlətmirdi. Məsələn, Gülün həyat yoldaşı ilyarım əvvəl mətbuata verdiyi açıqlamasında Ərdoğan tərəfindən ərinə qarşı haqsızlıq edildiyini açıq şəkildə dilə gətirmişdi. Son illərdə Abdullah Gülün dəfələrlə AKP-nin keçmiş yüksək vəzifəliləri ilə bir araya gələrək siyasin partiya quracağı barədə məlumatlar yayılsa da AKP-də bunu nə üçünsə ciddi qəbul etmirdilər. Çünki AKP ölkə daxilində kifayət qədər güclü görünürdü. Lakin bu ilin mart ayının 31-də keçirilən bələdiyyə seçkiləri AKP-nin xalq arasında nüfuzunun itməkdə olduğunu bir daha sübut etdi. Xüsusi ilə Ərdoğanın bələdiyyə seçkilərində iri şəhərlərində, o cümlədən İstanbulda məğlubiyətə uğraması ölkənin siyasi həyatında kölgədə qalan siyasi gücləri, daha dəqiq desək AKP-dən getməyə məcbur edilən yüksək vəzifə tutanların açıq şəkildə siyasi mübarizə meydanına atılmasına və özlərinin hakimiyyət iddialarını ortaya qoymasına gətirib çıxardı. Məsələnin bu tərəfinə diqqəti cəlb edən türkiyəli politoloq Fatih Altaylı bildirib ki, Ankara, İstanbul, İzmir və digər iri şəhərlərdə müxalifət partiyalarının bələdiyyə seçkilərində uğur əldə etməsi Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlunu da hərəkətə keçirib. O, keçmiş baş nazirin aktiv siyasətə qayıdacağını və yeni yaranacaq müxalifət partiyasına qatılacağını istisna etməyib: “Seçkilərin nəticələri yeni siyasi partiyaların yaranmasına yola aça bilər. Əhməd Davudoğlunun sürətli şəkildə hərəkətə keçəcəyi gələn məlumatlar arasındadır. Bu ay ərzində həmin cəbhədən sürətli həmlələr edilə bilər”.

O yeni partiyada Babacanla bərabər, Mehmet Şimşək, keçmiş daxili işlər naziri Bəşir Atalay, keçmiş idman naziri Suat Kılıç və digər sabiq dövlət rəsmilərinin yer alacağını iddia edib. Fatih Altaylı yeni siyasi partiyanın rəhbər postuna Əhməd Davudoğlu və Ali Babacanın,həmçinin Gülün daha şanslı namizədlər olduğunu bildirib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də hesab edir ki, seçkinin nəticələrinin Türkiyədə siyasi proseslərə təsir edəcəyi şübhəsizdir. AKP iqtidarının yuxarıda adı çəkilən keçmiş tanınmış simalarının, xüsusilə də keçmiş prezident Abdulla Gülün yeni siyasi partiya yaradıb-yaratmayacağından bir çox məsələlər asılı olacaq: “Əvvəla, Türkiyədə seçkinin bu cür nəticələnəcəyi gözlənilən idi. İkincisi, ümumiyyətlə, əgər ümumölkə miqyasında yanaşsaq, səslərdə ciddi bir dəyişiklik yoxdur. Sonuncu referendumda ”Cümhuriyyət” bloku nə qədər səs almışdısa, indi də bir o qədər səs qazandı. Eyni zamanda müxalifət bloku olan “Millət”in də səsləri böyük ölçüdə dəyişməyib. İri miqyasda elektoral bazada ciddi dəyişiklik yoxdur. Yəni tərəflər öz tərəfdarlarının sayını qoruyub saxlayıblar. İqtidar sənayeləşmiş böyük şəhərlərdə müəyyən dərəcədə zəifləyib. Amma əvəzində ölkənin cənub şərqində iqtidar səslərini artırıb. Burada əsas məsələ İstanbuldakı dəyişiklikdir. Fikrimcə, AKP-nin İstanbulda uduzmasının başlıca iki səbəbi var.

Birincisi, artıq 2002-ci ildən AKP iqtidardadır və burada müəyyən bir yorulmanın nəticəsi göz önündədir. İkincisi, mən burada suriyalı qaçqınlar faktorunu xüsusi qeyd etmək istəyirəm. Milyonlarla qaçqının İstanbul kimi meqapolisdə yerləşdirilməsi yerli əhalini yordu. Yerli əhali AKP-yə dəstəyini çəkməsə də bir sarı kart göstərdi. Üçüncü faktor isə iqtidara qarşı olan bütün qüvvələrin öz güclərini birləşdirməsi və təşkilatlanmalarıdır. Bu üç faktor İstanbulda AKP-nin yerli özünüidarəetməni əldən verməsi ilə nəticələndi. Bundan sonra AKP-yə siyasi basqılar bir qədər arta bilər. Bu, müvəqqəti xarakter daşıyacaq. Amma bir azdan xarici təzyiqlər artacaq. Daxildə də əsas faktor AKP-dən çıxan bir qrupun yeni partiya yaradıb-yaratmayacağından asılı olacaq. Mən burada keçmiş prezident Abdulla Gülün liderliyində bir partiyanın qurulub-qurulmayacağını nəzərdə tuturam. Gül yeni partiya qursa, Əhməd Davudoğlu, Ali Babacan və digər keçmiş hökumət üzvlərinin oraya cəmləşəcəyi gözləniləndir”.

Ərdoğan da təbii ki, baş verənlərə biganə qalmaq niyyətində deyil.

Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyib Ərdoğan partiyada radikal dəyişiklik qərarı verib. Bununla bağlı politoloq Əminə Kaplan Ərdoğanın dəyişiklik üçün təzyiqə məruz qaldığını bildirib. Ekspertin fikrincə, Ərdoğan payızda AKP-də ciddi islahatların aparılması üçün addımlar atmağa başlayacaq.

Kaplanın iddiasına görə, Ərdoğan bu həmlə ilə partiyadan küsənlərin sayını minimuma endirməyi, ehtimal olunan erkən seçkiyə partiyanı hazır vəziyyətə gətirməyi, sabiq nazirlər Əli Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiyanı elan etməsi ərəfəsində AKP-dan qopmaların qarşısını almağı məqsəd seçib:

“Ərdoğan fövqaladə dəyişiklik planını 2021-ci ildə həyata keçirməyi planlaşdırırdı, lakin sonuncu açıqlamasında bu prosesin payızda başlayacağı ehtimalını təsdiqlədi. Dəyişiklik prosesi bir il qabağa çəkilib”.

Əminə Kaplan Ali Babacan, Əhməd Davudoğlu və sabiq prezident Abdullah Gülün yeni siyasi partiyanı payızda elan edəcəyini qeyd edərək, Ərdoğanın AKP-dəki dəyişiklik qərarının buna qarşı həmlə olduğunu vurğulayıb.

Lakin Ərdoğan yeni siyasi güc mərkəzinin yaradılmasına mane ola biləcəmi? Bu suala birmənalı cavab vermək çətin olsa da yaxın aylarda Türkiyənin yeni siyasi çaxnaşmalar dövrünə qədəm qoyacağı öncədən şübhə doğurmur. Çünki Ərdoğandan narazı olan xarici qüvvələrin ölkə daxilindəki siyasi çəkişmələri körükləyəcəyi və AKP liderinin devrilməsi üçün onlara maliyyə yardımları göstərəcəyi istisna edilmir. Bir sözlə Türkiyədə keçmiş AKP-çilər tərəfindən yeni siyasi güc mərkəzinin yaradılması və buna parallel olaraq digər pozucu ünsürlərin də fəallaşması Ərdoğan üçün ciddi başağrısına çevrilə bilər. Bütün bunlar isə Türkiyəni siyasi, iqtisadi və hərbi fəlakətlərə sürükləyə bilər...

Əziz Mustafa