
ABŞ və Panama Panama Kanalının Təhlükəsizliyi və Əməliyyatları üzrə Bəyannamə imzalayıblar
Panama və ABŞ regionda təhlükəsizlik və əməkdaşlığa dair sazişlər imzalayıb, lakin kanala nəzarət hələ də qeyri-müəyyən olaraq qalır. İki ölkənin bəyanatlarında fərqli ifadələr var.
Bu barədə Pentaqon və The Hill məlumat yayıb.
Panama ictimai təhlükəsizlik naziri Frank Abreqo ABŞ müdafiə naziri Pit Heqsətlə birgə mətbuat konfransında jurnalistlərə bildirib ki, Pentaqon rəhbəri Panamanın yüksək səviyyəli rəsmiləri ilə təkbətək görüşdən sonra "Panamanın Panama kanalı üzərində suverenliyini tanıyıb".
ABŞ-Panamanın birgə bəyanatının ispan dilindəki versiyasında Mərkəzi Amerika ölkəsi bildirib ki, ABŞ müdafiə naziri “Panamanın rəhbərliyini və Panama kanalı və ətraf ərazilər üzərində daimi suverenliyini tanıyır”.
Lakin Pentaqonun yaydığı bəyanatın ingilis dilindəki versiyasında Panamanın su yolu üzərində nəzarəti ilə bağlı ifadə yer almayıb.
Amerika mediası qeyd edir ki, bu uyğunsuzluq ABŞ prezidenti Donald Trampın əvvəlki ritorikasından sonra yaranıb və o, Vaşinqtonun su yolunu Çinin nəzarətindən qorumaq üçün ona nəzarət edəcəyi ilə hədələyib.
Lakin Panama, öz növbəsində, Pekinin həyati əhəmiyyətli daşıma marşrutuna nəzarət etdiyini inkar edir.
Əziz Mustafa, Oxuməni.az