
İran Oman danışıqlarında ABŞ-a müvəqqəti nüvə sazişi təklif edəcək
Aprelin 12-də Omanda ABŞ-la keçiriləcək danışıqlarda İran rəsmiləri hərtərəfli saziş üzrə danışıqlar başlamazdan əvvəl müvəqqəti nüvə sazişinin müzakirəsini təklif edə bilər.Bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
Nəşrin mənbələri bildiriblər ki, İran hakimiyyəti ABŞ prezidenti Donald Trampın təkid etdiyi kimi, iki ay ərzində texniki cəhətdən mürəkkəb hərtərəfli sazişin razılaşdırılmasını qeyri-real hesab edir. İran rəsmiləri hesab edir ki, onlara tam hüquqlu saziş hazırlamaq üçün daha çox vaxt lazımdır.
“Axios” etiraf edir ki, ABŞ və İran arasında müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi işlərinin bir hissəsini dayandıracağı və BMT müfəttişlərinə nüvə obyektlərinə daha geniş giriş imkanı verəcəyi anlamına gələ bilər.
Nəşrin müsahibə verdiyi ekspertlər hesab edirlər ki, bu cür tədbirlər İranın nüvə bombası hazırlamaq üçün lazım olan vaxtı bir az da artıracaq, lakin onlar hərtərəfli saziş üzrə danışıqlara inamı gücləndirə bilər.
İranın BMT-dəki nümayəndəsi şərh verməkdən imtina edib.
ABŞ rəsmiləri aprelin 12-də Omanda İranla birbaşa danışıqlar aparacaqlarını bildiriblər. Eyni zamanda, İran hakimiyyəti danışıqların Oman vasitəçilərinin iştirakı ilə baş tutacağını bildirir.
Almaz Həsənli