
Tramp İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır
ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran nüvə proqramından əl çəkməsə, İsrail İrana mümkün hərbi zərbəyə “rəhbərlik edəcək”. Bu barədə “France24” xəbər verir.
Tramp bu sözləri ABŞ və İran rəsmiləri arasında həftəsonu Oman Sultanlığında keçirilməsi planlaşdırılan danışıqlardan əvvəl deyib. Bu həftənin əvvəlində Tramp danışıqların “birbaşa” olacağını, İran isə onları “dolayı” adlandırıb.
“Əgər hərbi müdaxilə tələb olunarsa, o, olacaqdır”, - Tramp bildirib. "İsrail şübhəsiz ki, bu işdə fəal iştirak edəcək. Onlar lider olacaqlar. Amma heç kim bizə nəzarət etmir, biz düzgün hesab etdiyimiz şeyi edirik".
İsrailin baş naziri Binyamin Netanyahu daha əvvəl Trampın İranla razılığa gəlmək üçün diplomatik səylərini dəstəklədiyini bildirib. O, həmçinin vurğulayıb ki, İsrail və ABŞ-ın ortaq məqsədi var - İranın nüvə silahı hazırlamasının qarşısını almaq. Bununla belə, 2018-ci ildə Netanyahu fəal şəkildə Trampı ABŞ-ın vasitəçiliyi ilə İranla razılaşmadan çıxmağa çağırıb.
Almaz Həsənli