
İstanbulda Rusiya-Amerika məsləhətləşmələri başlayır
İstanbulda Rusiya Federasiyası və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb. Danışıqlar Rusiyanın İstanbuldakı Baş Konsulluğunda aparılır. Danışıqlarda Rusiya tərəfini Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev təmsil edir. Amerika nümayəndə heyətinə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter başçılıq edir. Məsləhətləşmələrdə hər iki ölkənin xarici işlər nazirliklərinin digər nümayəndələri də iştirak edir.
“TASS” mənbəyə istinadən xəbər verir ki, danışıqların bir neçə saat davam edəcəyi gözlənilir, lakin əvvəlki raunddan daha qısa olacaq.
Görüş ərəfəsində, aprelin 9-da Darçiyev bəyan edib ki, Moskva iki ölkə arasında birbaşa uçuşların bərpası məsələsini qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, uçuşların bərpası rəsmi əlaqələri aktivləşdirməyə, biznesi dəstəkləməyə və hər iki ölkə vətəndaşlarının səyahətini asanlaşdırmağa kömək edəcək. Həmçinin, onun sözlərinə görə, məsləhətləşmələr zamanı Rusiya Vaşinqton tərəfindən müsadirə edilən diplomatik əmlakın qaytarılması ilə bağlı ciddi söhbətə hazırdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus qeyd edib ki, görüşün əsas mövzusu diplomatik missiyaların fəaliyyəti olacaq. O, siyasi və təhlükəsizlik məsələlərinin, o cümlədən Ukrayna mövzularının gündəmdən çıxarıldığını vurğulayıb.
Rusiya və ABŞ arasında müntəzəm danışıqlar Donald Trampın yanvar ayında ABŞ prezidenti vəzifəsinə başlamasından sonra bərpa edilib. Trampla Rusiya prezidenti Vladimir Putin arasında ilk telefon danışığı fevralın 12-də, ikincisi isə martın 18-də olub.
Almaz Həsənli