
İsrailin xarici işlər naziri Saar Kiyevdə səfərdədir
İsrailin xarici işlər naziri Gideon Saar iyulun 22-də Kiyevə gəlib. Onun Ukrayna rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodskiyə istinadən Telegram və The Times of Israel-də məlumat yayılıb.
"İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə Kiyevə gəlib", - məlumada deyilir.
Brodskinin sözlərinə görə, Saarın Ukrayna rəhbərliyi və yəhudi icması ilə görüşü planlaşdırılır.
Eyni zamanda səfir XİN rəhbərinin hansı Ukrayna rəsmiləri ilə görüşəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb.
Adı açıqlanmayan ukraynalı diplomat “The Times of Israel” qəzetinə bildirib ki, Saarın Ukrayna prezidenti Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və Ukrayna parlamentinin sədr müavini ilə görüşü planlaşdırılır.
O, həmçinin İkinci Dünya Müharibəsi zamanı nasist qoşunlarının 33 mindən çox yəhudini edam etdiyi Babi Yar memorialını da ziyarət edəcək.
Xatırladaq ki, 2023-cü il fevralın 16-da İsrailin o vaxtkı xarici işlər naziri Eli Koen Kiyevə səfər edib. O, hazırda İsrailin energetika naziridir.
Əziz Mustafa