Qızıl medalsız olimpiyada- susmaq həmişə qızıl deyil...

Qızıl medalsız olimpiyada- susmaq həmişə qızıl deyil...

8 Avqust 2021 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Son 25 ildə ilk dəfə bu mötəbər yarışmada himnimiz səslənmədi; full şərait və full məşq zallarına baxmayaraq, gimnastlarımızın Yaponiyadakı uğursuzluğunun səbəbi anlaşılmazdır

17 gün davam edən, 204 ölkədən 11 minədək atletin iştirak etdiyi Tokio Olimpiyadası avqustun 9-da başa çatır. Ötən il keçirilməli olan, lakin koronavirus pandemiyası üzündən təxirə salınan Olimpiyada tamaşaçılarsız olsa da, köhnə idman şərhçilərinin ifadəsi ilə desək, gərgin idman mübarizəsi şəraitində keçdi.

Olimpiya hərəkatının devizi “Əsas iştirakdır!” olsa da, bu yarışda medal qazanmaq hər bir idmançının ən böyük arzudur. Həm də olimpiyada dünya ikiqütblü olan zamandan- kapitalist ölkələri ilə sosialist koloniyası arasında güc sınağı meydanına çevrilib. İndi sosialist koloniyası yoxdur, amma kapitalist Amerika ilə hər sahədə baş-başa mübarizə aparan Çin var ki, son Olimpiyada liderliyi əldən vermədi.

Çinin (38 qızıl), ABŞ-ın (36 qızıl) və Yaponiyanın (27 qızıl) üçlükdə başa vurduqları olimpiyadada, bizim himnin qalib ölkə idmançısının şərəfinə səslənməməsini dərd etmək lazım deyil. Son 25 ildə ilk dəfə Azərbaycan Yay Olimpiya Oyunlarında qızıl medal qazana bilməyib, bu da faktdır. Amma Olimpiyadaya hər növ idman yarışı üzrə çox güclü idmançılar toplaşır ki, onlarla baş etmək olduqca çətindir. Üstəlik, daha gümüş və bürünc medal da idmançını bir o qədər üzünü güldürmür. Hamı qızıl medal istəyir...

Saat fərqinə baxmayaraq, yayın da oğurladığı yuxusuzluq səbəbindən bu yarışların bir çoxuna canlı baxdım. Badminton, üç nəfərlik basketbol, atçılıq, stend atıcılıq kimi maraqsız (mənim üçün) idman növlərində idmançıların medal qazanmağının gətirdiyi həyəcanı görmədim. Ümumiyyətlə, pandemiya dünyada hər şeyi məhv etdiyi kimi, idmana və idmançılara da ciddi təsiri hiss olundu. Əvvəlki müsbət emosiya azalıb, sevinc və məğlubiyyət göz yaşlarının yerini daha çox qəzəb, kinlilik tutub. Rəqibə düşmən kimi baxırlar, onun uğurunu hətta aşağılamağa çalışırlar.

Bu olimpiyadada ən çox narazılıq ədalətsiz hakimlikdən oldu. Təkcə bizim idmançılar deyil, demək olar ki, qızıl medal yarışmasında uduzanların əksəriyyəti günahı ədalətsiz hakimlikdə görürdülər.

...Yarışda mübarizə aparan 44 olimpiyaçımızın hamısını izləyə bilmədim, amma üç əsas finala- hansı ki, qızıl medal qazana bilərdik- baxdım. Karateçilərimiz Rafael Ağayev və İrina Zaretskanın “qızıl medalları əllərində alındı” deyə bilmərəm. Rəfael Ağayev hakimlikdən ciddi narazı qaldı və italiyalı rəqibinin haqsız çempion olduğunu dedi. Biz peşəkar deyilik, hansı zərbə, haradan zərbə və sair necə balla qiymətləndirilir, bunu tamaşaçı kimi bilmərik. Rəfael Ağayev Azərbaycanda tək-tək idmançılardandır ki, idmanla məşğuldur, üzərində işləyir və uğurları bunu təsdiqləyir. Əlbəttə, qızıl medal alması onun zəhmətinə görə arzuedilən idi. Amma olmadı. Məyusluqdan rəqibi haqda dediyi sözlər isə peşəkar kimi ona yaraşmadı- idmançı uduzmağı da, hətta uduzdurulmağı da həzm etməyə bilər, amma qarşındakı rəqibə- hansı ki, o da “qara qaşına görə” gəlin finala çıxmamamışdı- hörmət etmək lazımdır. Zaretskanın çempion ola biləcəyinə inam çox olsa da, İrina da finalda misirli rəqibindən xal belə ala bilmədi- 0:2.

Üçqat dünya və Avropa çempionumuz Hacı Əliyevin finaldakı rəqibinin yaponiyalı (Takuto Otoquro) olması bizim xeyrimizə deyildi, amma bu qarşılaşmada hakimliyin ədalətsizliyi haqda danışmaq olmur. Hacı Əliyev çox tez yoruldu. Hesab bərabər olanda(2:2), ilk hissə təzəcə başa çatmışdı. İkinci 3 dəqiqəni Hacı qardaşımız “yola verməyə” çalışırdı, amma necə deyərlər, “dıxaniya” da qalmamışdı. Nəticədə yapon bir fənd işlətdi və qızıl medala sahibləndi. Mənim ekranın bu üzündən gördüyüm bunlar idi, idmançının həmin anlar nə düşündüyünü, psixoloji vəziyyətini bilmək olmur. Millinin baş məşqçisi Namiq Abdullayev isə güləş döşəyinin yaxınında idi və məğlubiyyətin səbəbini o yəqin daha yaxşı bilərdi. (Finala baxanda yadıma düşdü- orta məktəbdə bizim bir yaşlı idman müəllimimiz vardı. Bizi stadionda qaçırdanda arada yanımızda peyda olub belə deyərdi: “Ay bala, vacib olan “dıxaniyadır”,“dıxaniya...”).

Mariya Stadnik ardıcıl 4-cü dəfə Yay Olimpiyadasında medal qazandı, təəssüf ki, bu zirək və fədakar xanımın qızıl medal arzusu bu dəfə də reallaşmadı. Stadniklə yanaşı İrina Kindzerska (cüdo), Alfonso Dominges (boks) və Rafiq Hüseynov da (yunan-roma güləşi) bürünc medalla kifayətləndi.

Xüsusilə, gimnast qızlarımızın Yaponiyada uğursuz çıxışı məyusluq doğurur. Full şərait, full məşq zallarına baxmayaraq, bu cür uğursuzluğun səbəbi anlaşılmazdır. Bəli, bu idman növündə Rusiya ilə bərabər, Çin də, ABŞ-da artıq ciddi rəqibdirlər. Son yarış günü gənc qızların qara paltarda çıxışı elə uğursuzluğun ilk səbəbi ola bilər. Niyə o cür seçim olmuşdu, mən anlamadım. Amerikalılar, çinlilərin paltarları göz oxşayırdı, bizim qızlar isə...Gimnastikaya hər cür dövlət qayğısının olduğu bir ölkədə heç ilk səkkizliyə belə düşməmək düşündürücüdür.

Olimpiyaçılarımızın çıxışına görə əlbəttə ki, tənqidlər olacaq, yəqin ki, dövlət medal alanları mükafatlandıracaq da. Lazımdır, qoy daha da həvəsli olsunlar. Təki olimpiyadanın təhlili olanda zəhməti keçən idmançılarımızın haqqını yeməsinlər, tənqid isə qərəzli yox, sağlam olsun, peşəkarlar oturub uğuru da, uğursuzluğu da təhlil etsinlər.Ən əsası idmançılarımızın uğurları, uğursuzluqları barədə susmasınlar. Susmaq həmişə qızıl deyil, qızıl medal isə heç deyil...Musavat.com