Axtarışda olan M.Saakaşvilinin mal-mülkü əlindən alındı

Axtarışda olan M.Saakaşvilinin mal-mülkü əlindən alındı

20 Sentyabr 2014 10:13
Bəyəndim (0) Bəyənmədim (0)
Sabiq prezident qara qüvvələrin başında dayanan adamın adını çəkdi

Cümə günü xəbər verdiyimiz kimi, Gürcüstanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin, onun anasının və nənəsinin, həmçinin həyat yoldaşı Sandra Rulovsun malına, mülkünə həbs qoyub. Həbs olunan mülklər arasında Tiflis və Kvarelidəki evlər, çoxsaylı avtomobillər var. Gürcüstanın "Rustavi-2" kanalının məlumatına görə, sabiq prezident ona qarşı başlanan hücum kampaniyasının arxasında sabiq baş nazir Bidzina İvanişvilinin dayandığını bildirib. O, bu barədə kanala verdiyi müsahibədə deyib. "Mal-mülkümün müsadirə olunması problem deyil, onsuz da hələ ki Gürcüstana gedə bilmirəm", - deyə sözə başlayan sabiq prezident daha sonra fikirlərinə aydınlıq gətirib: "Məsələ başqa şeydədir. Bu gün Gürcüstanda əsas prinsiplər pozulub. Ölkəni oliqarx idarə edir. Hansı ki, dağın başında böyük bir imarətdə oturub qərar verir, kimdən nəyi almaq, kimə nəyi qaytarmaq, kimi tutmaq, kimi buraxmaq, kimi işdən qovmaq, kimi işə götürmək. Dövlətçiliyin, idarəçiliyin əsasları pozulub". Daha sonra M.Saakaşvili prezidentliyi dövründə rüşvətxor olmadığını, korrupsiyaya qarşı mübarizə apardığını deyərək, açıqlama verib: "Doqquz il ərzində yaratdığım yeganə mülk var idi ki, onu da İvanişvili məndən aldı. O evi sevsəm də, itkisi mənim üçün elə də böyük əhəmiyyət kəsb etmir. Təkcə ona görə ürəyim ağrıyır ki, mənim mülkümə həbs qoymayıblar, bütün Gürcüstana həbs qoyublar".

Xatırladaq ki, bir neçə ay əvvəl Gürcüstanın Baş Prokurorluğu ölkənin sabiq prezidenti Mixail Saakaşviliyə qarşı vəzifə səlahiyyətlərini aşma və dövlət vəsaitlərini külli miqdarda israf etmə maddələri ilə cinayət işi açıb. M.Saakaşvili Gürcüstan ərazisində axtarışa verilib. Sabiq prezident isə ailəliklə ABŞ-a yerləşib və hələlik orada yaşayır.

Mediainfo.az