Barak Obama Pyotr Poroşenkonun xahişini yerə saldı
ABŞ prezidenti Barak Obama ukraynalı həmkarı Pyotr Poroşenkonun hərbi texnika istəyini təmin etməyib. Associated Press-in bu gün yaydığı xəbərə görə, B.Obama ikitərəfli görüş zamanı silah-sursatın, habelə ağır texnikanın Ukraynaya göndərilməsini indiki zamanda məqsədəuyğun saymadığını deyib.
Bu görüşə qədər Ukrayna prezidenti Konqresdə çıxış edərək, ölkəsinin təcili silah-sursata ehtiyacı olduğunu bəyan edib. "Adyal və gecə binoklları çox vacibdir. Lakin heç kəs təkcə adyalla müharibəni uda bilməz", - deyə Poroşenko çıxışında bildirib.
Ukrayna lideri amerikalı həmkarından birbaşa silah-sursat ala bilməsə də, "Ağ ev" ona hərbi məqsədlər üçün $46 mln yardım ayıracağına söz verib. Bu yardım çərçivəsində Ukrayna hərbi qüvvələrinə rəqibin artilleriya zərbələrini müəyyən edə biləcək radarlar, nəqliyyat vasitələri, mühəndis qurğuları veriləcək. Həmçinin humanitar təşkilatlara hərbi qarşıdurmadan əziyyət çəkmiş vətəndaşlara yardım üçün $7 mln vəsait ayrılacaq.
Məlumatda o da bildirilir ki, Poroşenko Obama ilə ikitərəfli zirvə görüşündə Ukraynaya $1 mlrd maliyyə təminatı ayrılması üçün razılıq əldə olunduğunu deyib.
Mediainfo.az































































































