BİR QADIN TALEYİ
Nailə Babayeva
(REAL HADİSƏLƏR ƏSASINDA)
5-ci hissə
...Atası Fazilin son sözlərini eşidən Cahan otaqdan çıxıb gözləri dolmuş halda qonaq otağında atası Fazilə və xalası Məlahətə baxdı.
- Kaş ki, ata kaş ki, ölərdim. Bilsəydim ki, sən mənə bu qədər nifrət edirsən, elə mən özüm ölərdim,-dedi.
Məlahət Cahanı görüb:
- Allah eləməsin qızım,-dedi:
- Atan belə demək istəmirdi.
- Yaxşı da xala, məgər mən uşağam. Mən hər şeyi eşitdim. Atam düşünür ki, bütün olanlar mənim üstümdə olub. Bəs mənə olanları desəm necə olar ata, hə?
Fazil Məlahət ilə Cahana baxdılar, onun nəyə eyham vurduğunu anlamadılar. Cahan isə atası Fazilə baxdı, ona yaxınlaşıb gözlərindən yaş axaraq:
- Doğrudur,-dedi:
- Sənin üçün mən heç kəs olmuşam ata. Bircə kərə olsun mənimlə maraqlanmamısan. Həmişə Arzu və Azərdən fərqli tutmusan məni. Səbəbini bilməsəm də belə, anamın sağlığında və yoxluğundan bu günə qədər sənin üçün mən sanki... Nə bilim ata, mən səni heç bir zaman başa düşə bilməmişəm. Heç kəsin yanında fəxrlə atam deməmişəm. Ancaq sənin dediyin kimi mən özümü bu günə qədər bədayaq, başyeyən bilmişəm. Amma bütün bunlar bir yana, səndən sevgi gözləmişəm.
- Cahan.
- Nədir ata? Olmaya düz demirəm, hə? Yoxsa həmişəki kimi döyüb kəmərlə çırpacaqsan? Amma nə olardı, o zorbalıqlarının yerinə bir dəfə məni qarşına qoyub, mənə nə olduğunu soruşardın. Mən sənin atam olduğunu yalnız məktəb jurnalında, ya da öz sənədimdə bilmişəm. Bilmişəm ki, mənim Fazil adında atam var və mən onun qızıyam.
Cahan sanki özündə güc tapmışdı. Və düşündüklərin deməklə bu dəfə artıq döyülməkdən qorxmurdu. Cahanın dedikləri Fazili bir qədər tərpətdi. Lakin bütün bunlara baxmayaraq:
- Sən mənə öyüd-nəsihət verirsən?-dedi:
- Sən düz deyirsən, mən səni övladım gözündə görməmişəm və görməyəcəm də. Çünki sən bəxti qara yazılmış bir yazıqsan. Sənə nə olsa belə, heç vecimə deyil. İstər öl, istər yaşa, mənim üçün maraqlı deyilsən.
- Amma bilmək olmaz, zaman gələr, bu sözlərinə görə peşman olarsan.
- Heç vaxt, Allah eləməsin ki, heç vaxt mən peşman olum.
- Heç vaxt, heç vaxt demə,-deyə Cahan qonaq otağını tərk edib evdən çıxdı.
Məlahət şok içində idi. Fazilin Cahan üçün dedikləri, Cahanın isə indi dedikləri Məlahətdə təəccüb yaratsa da, artıq hər şeyi anlamışdı. Amma bircə Cahanın dedikləri onu narahat edirdi. Cahanın arxasınca çıxsa da Cahanı görmədi. Tək, tənha yol boyu addımlayaraq Cahanın dedikləri haqda fikirləşirdi. Öz-özünə “axı Cahana nə ola bilər? Onun başına nə gəlib” deyə, düşünərək evinə doğru addımladı.
Cahan evdən çıxıb parka getmişdi. Bir oturacaqda oturub ağlayaraq Allahdan özünə ölüm istəyirdi. Bu zaman ona toxunan əldən geri çevrilən Cahan Humay xanımı görüb ayağa duraraq onu qucaqladı.
Humay xanım onu qucaqlayıb için-için ağlayan Cahanı sakitləşdirməyə çalışdı. Cahanı bu illər ərzində ilk dəfə idi ki, belə ürəkdən ağlayan görürdü. Onu sakitləşdirməyə çalışan Humay xanım onun dərdini də anlamaq, ona kömək etmək istəyirdi. Çətinliklə də olsa Cahanı sakitləşdirən Humay xanım onu evə aparmaq istədi. Fəqət, Cahan etiraz edib, evə getmək istəmədiyini bildirdiyi zaman Humay xanım onu öz evinə aparmağı təklif edib yola düzəldilər. Cahan Humay xanıma qısılıb asta və ağır addımlarla onunla birlikdə addımlamağa başladı.
Fazil isə şam yeməyini yedikdən sonra qonaq otağında oturmuşdu. Qızı Arzu Cahandan ötrü narahat olduğundan dəfələrlə onun özünə zəng etsə də, onun telefonunu evdə qoyduğunu görüb çarəsiz nə edəcəyini bilmədi. Qumruya zəng etdi:
- Alo, Qumru, mənəm Arzu, necəsən? Qumru, Cahan sizdədir?... Yoxdur, hə, yaxşı canım.
Telefonu söndürdü. Öz-özünə: “Ah Cahanım, sən hardasan?” deyib qonaq otağına gələrək kresloda oturdu. Atası Fazilə baxıb:
- Ata, görəsən Cahan hardadır? -deyə soruşdu.
- Cəhənnəmdə! Mən nə bilim hardadır. Özlüyündə guya məni cəzalandırır.
- Ata,-deyə, Arzu dərindən bir ah çəkdi:-səncə Cahana haqsızlıq etmirsən?
- Başa düşmədim?-deyə, Fazil qızı Arzuya baxıb qaşlarını çatdı:
- Sən nə demək istəyirsən? Düşünürsən ki, mən Cahanı əzizləyib, bağrıma basmalıyam?
- Niyə də olmasın?-deyə, Arzu sualı sualla cavablandırdı:
- Bəlkə mənə göstərdiyin diqqət və qayğıdan ona da göstərəsən? Axı ona nə vermisən ki, ala bilmirsən? Belə olmaz ata, yaxşı-pis Cahan da mənim kimi, Azər kimi sənin övladındır, sənin belindən gəlib. Olanlarda onun heç bir günahı yoxdur.
- Qulaq as Arzu, məncə mənə məsləhət verənə qədər, öz işlərinlə məşğul olsan, daha yaxşı olar-deyərək sözünü bitirən Fazil ayağa durub qonaq otağını tərk etdi.
Humay xanım Cahanı evinə gətirib qapını açaraq içəri girdilər. Cahanı qonaq otağına gətirib özü mətbəxə keçdi. Mətbəxdə çay qoyub geri qayıdaraq Cahanın yanında oturdu. Əlindən tutub:
- Cahan, qızım,-dedi:
- De görüm nə olub? Səni nə narahat edir?
- Daha nə olacaq. Bircə onu deyə bilərəm ki, mən həqiqətən hər şeydən bezmişəm.
- Axı niyə? De görüm nə olub?
Cahan susdu. Humay xanıma baxıb dərindən ah çəkdi. Açığı nədən və haradan başlayacağını bilmədi. Olanları deməkdə tərəddüd elədi. Ayağa durdu, otaqda var-gəl etməyə başladı. Humay xanım Cahanın otaqda vurnuxduğunu görüb ayağa duraraq mətbəxə keçdi. Çay süzüb yanına şirniyyat qoyaraq geri qayıdıb çayları şirniyyat ilə birgə balaca qəhvəyi rəngli jurnal masasının üstünə qoydu. Cahana çay içməsini söyləyib özü çaydan bir qurtum aldı. Bayaqdan bəri otaqda vurnuxan Cahan dayandı. Humay xanıma baxıb:
- Humay xanım,-dedi, inanın ki, mən daha hər şeydən yorulmuşam.
- Belə tez? Sən nə danışırsan, ay Cahan? Sənin nə yaşım var ki, indidən hər şeydən yorulmusan?
- Çünki həqiqətən yorulmuşam. Atamın mənə qarşı laqeydliyi məni bezdirib.
- Atanın?-deyə, Humay xanım təəccübləndi:
- Cahan sən nə danışırsan? Məgər atan sənə qarşı...
- Atam məni sevmir, Humay xanım. Nəinki atam, Məlahət xalamdan başqa məni heç kəs sevmir. Mən bunu anamın sağlığında da, yoxluğunda da hiss etmişəm. Daha çox isə anamın yoxluğunda hiss elədim.
Humay xanım ayağa durdu. Cahana yaxınlaşıb onun gözlərinin içinə baxdı:
- Bəs bunu bu illər ərzində niyə demirdin?
- Desəm də nə dəyişəcəkdir, Humay xanım? Mən daha yorulmuşam atamın, qohumlarımın hərəkətindən bezmişəm. Hələ bu azmış kimi, mənim başıma gələni isə heç düşmənimə belə arzu etmirəm.
- Nə? Bir dəqiqə Cahan, sənin başına nə isə gəlib?
Cahan susdu. Humay xanıma baxıb nəyi necə deyəcəyini düşündü. O, isə Cahanın susduğunu görüb dedi:
- Cahan, susma gözəlim. De görüm sənə nə olub?
- Humay xanım, mən artıq bacarmıram. Bircə onu bilin ki, hər bir şey gözümdə adiləşib. Açığı, mən sizə bir şeyi etiraf etmək istəyirəm. Amma xahiş edirəm, sizə deyəcəklərim yalnız ikimizin arasında qalsın. Əgər bunu kimsə bilsə inanın çox arzuolunmaz hadisələr baş verə bilər. Mənə söz verin, söz verin ki, hər şey ikimizin arasında qalacaq.
- Əlbəttə, buna əmin ola bilərsən. Aramızda olan söhbət elə ikimizin də arasında qalacaq. Sən de görüm sənin başına nə hadisə gəlib?
Cahanın evə gəlib çıxmaması bacısı Arzunu narahat edirdi. Onun evdə olmamasını qardaşı Azərə belə çatdırmışdı, hətta Azərdən Cahanı tapmağı xahiş etmişdi. Qardaş-bacı hər ikisi Cahandan yana narahat olsalar da, atası Fazilin Cahanın evə gəlib çıxmaması vecinə deyildi. Atası Fazilin bu qədər Cahana qarşı soyuqqanlı olması Arzunu təəccübləndirirdi.
Artıq söz belə deməyə Arzu çəkindi, yaxşı bilirdi ki, atası Fazilə nəsə desə, yenə danışmağa başlayacaqdı.
Humay xanım isə Cahana baxıb verdiyi suala cavab gözləyirdi. Nəsə ciddi bir şey olduğunu anlamışdı. Cahan isə cavab verməyə yenə tərəddüd edirdi. Həm ehtiyat edirdi, həm də qorxurdu. Otağa darıxdırıcı sükut çökmüşdü. Sadəcə bu sükutu divardan asılmış saatın səsi pozurdu. Cahan Humay xanıma baxdı. Divanda oturub həyəcandan əlləri əsməyə başladı və onun bu halı Humay xanımın gözündən yayınmadı. Humay Cahanın əlindən tutdu, ona sakit olmağı söyləyib:
- De görüm nə olub?-deyə, soruşdu.
- Humay xanım, mən nə edəcəyimi bilmirəm.
- Axı nə olub Cahan? Bir de görüm sənin başına nə gəlib? Sən nəyi gizlədirsən?
Cahan doluxsunmuşdu, qəhər onu boğurdu. Danışmağa belə çətinlik çəkirdi. Bir müddət qəhərdən boğulsa da Humay xanım gətirdiyi çay dolu fincanı ona uzatdı. Cahan isə özünü toparlayıb:
- Humay xanım, mənim həyatım puç olub,-dedi...
Davamı var