BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

23 Oktyabr 10:33
Bəyəndim (13) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

12-ci hissə

Əvvəli keçən sayımızda

...Avtomobil yolboyu şütüyürdü. Maşında səslənilən mahnı isə Cahanın sanki taleyindən danışırdı. Tez bir zamanda Bakıya çatmağını gözləyirdi. Amma Cahan düşünmürdü ki, onu Bakıda hansı sürprizlər gözləyir.

Yolboyu avtomobil şütüdükcə külək Cahanın tellərini oynadırdı. Ailəsindən uzaqlaşan Cahan öz müstəqil həyatına tək-tənha başlayacaqdı. Amma bilmirdi ki, bu həyat yolunda hansı yazılmış hadisələr gözləyir. Avtomobil Xırdalan qəbriistanlığından keçdiyi zaman Cahan maşını saxlatdırdı. Bir neçə dəqiqə məni gözləyin-deyib maşından düşərək qəbiristanlığa girərək anası Gülzarın məzarına yaxınlaşdı. Əli ilə şəkili sildi, dərindən ah çəkdi. Baş daşının yanında dayanıb onun şəkli ilə danışmağa başladı:

- Hə ana, sənin qoruyub saxladığın Cahana səndən sonra elə dağ çəkdilər ki. Mənim balaca ürəyimi şüşə kimi çilik-çilik etdilər ana. Artıq çiliklənmiş ürəyim heç zaman bərpa olunmayacaq. Bilirsən ana, mənim artıq bu həyatda bir kimsəm yoxdur. Güvənə biləcəyim, tutuna biləcəyim kimsəm yoxdur. Amma yenə də mən ayaqlarımın üstündə dayanacağam, yıxılmayacağam. Hər kəsə özümü isbat edəcəm. Sən rahat uyu ana, məndən nigaran qalma.

Sözünü bitirib gözündən axan yaşı sildi, şəkili öpüb qəbiristanlığı tərk edərək avtomobilə doğru gəldi. Maşına oturub yoluna davam etdi.

Fazil isə qızı Cahanın gedişinə məyuslanmışdı. İlk dəfə idi ki, içində vicdan əzabı çəkirdi. Divardan asılmış Gülzarın şəkilinə baxıb siqaret çəkirdi. Öz-özünə: “Bağışla məni Gülzar, bağışla. Mən sənin əmanətinə sahib çıxa bilmədim. Hər şeydə onu günahlandırıb özümdən uzaq tutdum. Mən səhv atdım atdığımı bilirəm, amma... Bilmirəm Gülzar, nəyin necə olacağını daha bilmirəm” deyə asta səslə Gülzarın şəkli ilə danışmağa başladı. Atası Fazilin sözlərini eşidən Arzu otağa daxil olub:

- Başa düşmədim, sən peşimansan?-deyə soruşdu.

- Nə?

- Cahanın gedişinə görə peşimansan ata, hə? Çox nahaq. Düşünürəm ki, Cahan öz cəzasını alıb.

- Arzu qızım, sən nə danışırsan?

- Olanı. Onsuz da sən heç bir zaman onu sevməmisən ata. Məncə sən bu addımı atmaqla doğru addım atmısan. Yaxşı olar ki, pozğun bir qızın fikri səni narahat etməsin. O zatən buna layiq idi.

Fazil susdu, Arzuya baxıb heç bir söz demədən otağı tərk etdi. Arzu isə otaqda tək qalıb öz-özünə: “Yox, ata, qurduğum plan heç bir zaman alt-üst ola bilməz. Mən izn vermərəm ki, Cahan bu evə qayıtsın. Bu ev yalnız mənə aiddir. Heç qardaşım Azər belə bu evə layiq deyil” -deyərək divanda oturub nifrət dolu baxışlarla divardan asılmış anası Gülzarın şəklinə baxdı.

Cahan Bakıya çatmışdı. Hara gedəcəyini bilmirdi, ilk dəfə idi ki, böyük səs-küylü şəhərdə tək başına idi. Amma nədənsə və hardansa başlamalı idi Cahan. Dərslər sentyabrda başlayacaqdır, ancaq sentyabr ayına qədər Cahan nə isə etməli idi. Yadında idi ki, anası Gülzarın xalası evi Bakıda hardasa yaxınlardadır. Anasının xalası oğlu olan Pənah yasda Cahana nömrəsini vermişdi. Telefonuna baxdı və Pənahın nömrəsini axtarıb taparaq ona zəng etdi. Telefonda Pənahla danışdıqdan sonra ünvanı öyrənib taksiyə oturaraq ünvana yola düşdü...

Bu arada Fazil baldızı Məlahətin evinə gəlmişdi. Qapını döyüb bir qədər gözlədikdən sonra Məlahət qapını açdı. Fazil ilə salamlaşıb onu içəri dəvət edərək qapını bağlayıb qonaq otağına keçdi. Fazil Osmanı xəbər aldı, onun evdə olmadığını öyrənib divanda oturaraq əli ilə alnını ovuşdurmağa başladı. Fazili narahat görən Məlahət:

- Nəsə olub?-deyə soruşdu.

- Məlahət, bilmirəm doğru etdim, ya yox, amma biləsən ki, mən Cahanı evdən qovmuşam.

- Nə? Necə yəni qovmusan? Sən nə danışırsan ay Fazil? Heç bilirsən neyləmisən? Axı necə bu addımı ata bildin? Tamam, razıyam Cahanın səhvləri ola bilər, amma onu evdən qovmaq, bu mümkünsüzdür.

- Amma mən bunu etmişəm.

- Etmisənsə bəs onda bura niyə gəlmisən?

- Düşündüm Cahan sənin yanında olar. Amma görürəm sənin də yanına gəlməyib. Heyhat, nə deyəcəyimi bilmirəm.

Məlahət susaraq Fazilə baxdı. Cahanı evdən qovmağı məsələsi onu narahat etdi. Bacısı Gülzarın sözünü yerinə yetirə bilmədiyi üçün özünü tənbeh etdi. Amma əlindən heç nə gəlmirdi. Bircə Fazilin doğru addım atmadığını bilirdi və hər nə olursa olsun, Cahanı axtarıb tapmalı idi. Amma necə və hardan, bax bunu bilmirdi Məlahət...

Cahan mənzilbaşına çatmışdı. Ödənişi ödəyib maşından düşərək bloka girib yuxarı qalxaraq qapının zəngini basdı. Bir qədər sonra qapını açan Pənah onu çamadanı ilə bərabər görüb içəri dəvət etdi. Qapını bağlayıb qonaq otağına keçərək atası Kazım kişiyə Cahanın gəldiyini bildirdi. Cahanla üz-üzə oturub ona nə olduğunu soruşduqda Cahan universitetlə bağlı gəldiyini söyləyib olanları gizlətdi. Bir neçə gün burada qalacağını bildirdi. Onların bu söhbətinə qulaq asan Pənahın atası Kazım kişi olanlara şübhə ilə yanaşsa belə, heç bir söz demədi. Sakitcə Cahana burada qala biləcəyini deyib onu onun üçün ayrılmış otağa yolladı. Özü isə oğlu Pənaha baxdı:

- Sən nə fikirləşdin? -deyə soruşdu.

- Nə barədə ata?

- Necə yəni, nə barədə? Cahanın danışdıqları nəsə inandırıcı gəlmədi.

- Ata, yaxşı da. Yenə başlama xəfiyyəliyinə. Hələ də keçmişdəki vəzifənin havası qalıb səndə.

- Yox oğlum, amma mən əminəm ki, Cahan həqiqəti danışmadı. Burada nəsə bir sirr var-deyə sözünü yekunlaşdırıb otaqdan çıxdı...

Məlahət isə Cahanı bildiyi, tanıdığı hər yerdə axtarmışdı, ancaq bütün axtarışları boşa çıxmışdı. Çarəsiz evə qayıdıb qonaq otağında oturaraq Cahanı fikirləşirdi ki, qapı döyüldü. Qapıya yaxınlaşıb qapını açdıqda Fazilin böyük qızı Arzunu gördü. Arzu salamsız, kəlamsız içəri girib ayaqqabılarını belə çıxartmadan qonaq otağına keçdi. Məlahət ona baxıb:

- Sən niyə gəlmisən?-deyə soruşdu.

- Nədir, xalamı görməyə gələ bilmərəm ki?

Məlahət güldü. Yaxşı bilirdi Fazilin böyük qızı Arzu onu heç də ürəkdən sevmir. Arzu onun güldüyünə əsəbləşsə də, bunu büruzə vermədi.

- Deyəsən atam bu gün yanında olub?-deyə soruşdu.

- Mətləbə keç, niyə gəlmisən?

- Ay xala, xala, xala. Sənin bu cəsarətini sevirəm. Səninlə Cahan barəsində danışmağa gəlmişəm. Bilirəm atam da bəlkə sənlə elə bu haqda danışıb. Amma bu mənim heç vecimə deyil. Bilirsən də, Cahan evdən qovulub? Onu evdən qovdurmuşam.

- Guya yaxşı iş görmüsən, Arzu? Axı Cahan sənə neyləmişdi?

- Cahan buna layiq idi, xala. O, getməli idi, çünki pozğun bir fahişənin Babayevlər ailəsində yeri yox idi...

- Qulaq as Arzu, mən səni başa düşə bilmirəm. Axı bu qədər nifrət səndə hardandır?

- Eh, xala, həyatdır və bu həyatda hər şey olur. Əslində əvvəllər Cahana yazığım gəlirdi, amma onun nə əməllərlə məşğul olduğunu biləndən sonra ona nifrətim yaranmağa başladı. Bilirsən, hadisələrin belə olmasına sevindim.

- Çox nahaq.

- Niyə? Onsuz da atam da Cahana hər zaman nifrət edirdi. İndi ola bilər ki, bir az atamda mərhəmət hissi yaranıb, amma bu da keçib gedəcək.

Məlahət susdu. Sadəcə Arzunu başa düşməyə çalışırdı. Arzu ona baxıb:

- Əlbəttə, sən Cahanı bağışlaya bilərsən, səni başa düşürəm-deyərək sözünə davam etdi:

- Cahan sənin üçün ideal ola bilər, amma o, mənim üçün heç kəsdir. Düşünürəm ki, sən atama Cahanı qəbul etməyəcəyini demisən.

- Mən sənin atana heç nə deməmişəm. Sadəcə biləsən ki, atan çox peşimandı.

- Keçəcək. Mən atamı tanıyıram.

- Bəs keçməsə necə? Onda necə olacaq?

- Əgər sən onun ayağına ilan kimi dolaşıb başını doldurmasan, yaxşı olacaq. Ümid edirəm ki, sən bizim ailənin işinə deyil, öz işlərinə başını qarışdıracaqsan.

- Yəni?

- Yəni, demək istədiyim odur ki, yolumda durma, xala. Çünki sonrası daha pis olar.

- Sən mənə hədə-qorxu gəlirsən?

- Yox, sadəcə sənə xəbərdarlıq edirəm. Yaxşı olar ki, ərin Osmanla baş-başa verib ömrünüzü yaşayın. Elə eləmə ki, səninlə başqa cür danışım.

Məlahət susaraq Arzuya baxdı. Arzu isə Məlahəti hansısa yolla oturtmaq məcburiyyətində idi. Heç bir zaman xalası Məlahəti sevməyən Arzu istəmirdi ki, onun həyatına müdaxilə etsin. Onun susduğunu görən Arzu elı ağzını açmaq istəyirdi ki, Məlahət onu qabaqladı:

- Qulaq as Arzu. Sən yaxşı olar ki, mənimlə ayaqlaşmayasan. Bilirsən ki, qarşında duran uşaq deyil. Sən Cahana nifrət edə bilərsən, amma bir düşün. Sən heç Cahanın yerinə bir anlıq özünü qoydunmu? Yox, qoymadın, qoya da bilməzsən. Sən ancaq zirvələri fikirləşmisən. Amma bir şeyi də unutma, tez alışan, tez sönür.

Arzu güldü, Məlahətə baxıb əli ilə saçına əl gəzdirərək dedi:

- Sənin nəyə eyham vurduğunu yaxşı bilirəm. Amma bir şeyi unudursan, maraqlıdır ki, sənin ərin sənin bütün işlərindən xəbərdardır? Bilirsən xala, bəlkə Cahanı da məhz başqa bir şeyə görə, satmağa görə istəyirsən hə?

Arzunun son sözlərindən özünü saxlaya bilməyən Məlahət ona şillə çəkdi...

- Sən hansı cürətlə mənimlə bu tərzdə danışırsan, hə? Deyəsən sənə tərbiyə verən olmayıb. Qulaq as Arzu, sən unutma ki, qarşında dayanan sənin xalandır! -deyə Məlahət əsəbi tərzdə dilləndi.

Aldığı şillədən əli ilə üzünü tutan Arzu isə ona baxdı. Xalası Məlahətdən bu addımı gözləmirdi. Məhz elə bu üzdən də bir qədər ona baxıb:

- Bilirsən nə var?-dedi:

- Sənin necə bir qadın olduğunu yaxşı bilirəm. Sən insanlıqdan çıxmısan, əziz xalam. Əlbəttə pul, para sənin gözünü tutub. Yazıq, mənim sənə yazığım gəlir. Gör sən necə murdar əməllərlə məşğulsan ki, Allah sənə heç övlad belə verməyib. Bədbəxt qadın, sənə acıyıram.

- Kəs səsini!-deyərək Məlahət növbəti şilləni ona vurmaq istəyirdi ki, Arzu onun əlini saxladı:

- Buna bir daha cəhd eləmə, səni inan ki, peşman edərəm...

Ardı növbəti sayımızda