BİR QADIN TALEYİ
(Real hadisələr əsasında )
13-cü hissə
Əvvəli keçən sayımızda
...- Sənin necə bir qadın olduğunu yaxşı bilirəm. Sən insanlıqdan çıxmısan, əziz xalam. Əlbəttə pul, para sənin gözünü tutub. Yazıq, mənim sənə yazığım gəlir. Gör sən necə murdar əməllərlə məşğulsan ki, Allah sənə heç övlad belə verməyib. Bədbəxt qadın, sənə acıyıram.
- Kəs səsini!-deyərək Məlahət növbəti şilləni ona vurmaq istəyirdi ki, Arzu onun əlini saxladı:
- Buna bir daha cəhd eləmə, səni inan ki, peşman edərəm.
Sözünü bitirən Arzu iti addımlarla xalası Məlahətin evini tərk etdi...
Günlər ötüb keçirdi. Cahan anası Gülzarın xalasıgildə öz həyatına davan edirdi. İlk günlər Gülzarın xalası oğlu Pənah Cahana bir doğma qardaş kimi yanaşsa da, sonradan bu yanaşmaları tam fərqli olmuşdu. Dəfələrlə Cahanı süzür, onu hamamda olduğu zaman, yatdığı vaxt oğrun-oğrun izləyirdi. Pənahın atası Kazım kişi isə Cahan ilə bağlı onun atası Fazil ilə görüşmək qərarına gəlmişdi. Cahana heç bir söz demədən Kazım kişi Sumqayıta yola düşmüşdü. Fazilin evinə gəlib onunla söhbət etmək qərarına gəlmişdi.
Arzunun gedişindən sonra Məlahət narahat idi. Evdə bir yerdə qərar tuta bilməyib otaqda addımlayırdı. Əri Osman işdən gələn andan onun bu hərəkətini izləyir, çay içə-içə ona baxırdı. Bir müddət onu izləyib:
- Bəlkə bir yerdə dayanasan?-dedi:-Mən gələndən gəzirsən.
- Osman-deyə, Məlahət dayanıb ona baxdı.
- Nə olub, ay arvad?
- Daha nə olacaq-deyərək Məlahət divanda onun yanında oturdu:
- Fazilin qızı Arzu məni gözüm çıxdıya salıb. Məndən oğurluq edib.
- Nə? Bacın qızı Arzu səndən oğurluq edib? Sən əminsən?
- Əmin olmasam deməzdim, Osman. Hələ bu azmış kimi, bu gün gəlib mənə, mənim evimdə hədə-qorxu gəlir. Mən neyləyim?
- Bəs mən neyləyim?-deyə Osman siqaret yandırdı.
- Bilmirəm, polis deyilsən? Bir şeylər elə.
- Məlahət, sənin ağlın qaçıb? O, sənin bacın qızıdır, mən axı ona neyləyə bilərəm?
Osmanın son sözləri Məlahəti özündən çıxartdı:
- Əşşi sən, Allah bəsdir, sənə də bir iş tapşırmaq olmur. Vallah, səndən baş açmaq olmur. Nəsə, hər hansısa bir iş tapşıranda ancaq ya uzadırsan, ya da... Nə bilim vallah,-deyərək sözünü bitirən Məlahət ayağa durub otağı tərk edərək Osmanı tək qoydu. Yataq otağına gəlib güzgünün qabağında dayanaraq əksinə baxıb öz-özünə: “Yox Məlahət, sən gərək özün bu işə bir çarə tapasan” deyib əlini sıxdı.
Pənah isə Cahanı öz tələsinə salmaq üçün yollar axtarırdı. Həm onu özünə bağlamaq istəyir, həm də buna ehtiyat etsə də bağlanmaq və onunla olmaq istəyi daha çox Pənaha güc gəlirdi.
Arzu evdə atası Fazilin gəlişinə yemək hazırlayırdı ki, qapının döyülməsi onu qapıya yaxınlaşdırıb qapını açmağa vadar etdi. Gələnin Kazım kişi olduğunu görüb üz-gözünü turşutdu. “Bircə sən çatmırdın” deyə özlüyündə düşünərək üzünə saxta təbəssüm verib Kazım kişi ilə salamlaşaraq onu qonaq otağına dəvət edib qapını bağladı. Özü isə mətbəxə keçərək çay süzüb geri qayıtdı. Kazım kişiyə baxıb öz-özünə: “Görəsən, bu nəyə gəlib? Kimin işi fıs gəlirsə, ancaq bizə gəlir” deyə düşünərək çaydan içdi. Kazım kişi bir qədər Arzudan hal-əhval tutub ondan atası Fazili xəbər aldı:
- Fazil gec gələr?
- Gəlməlidir. Nəsə olub ki?
- Onunla işim var idi. Bir onunla ciddi danışmaq istəyirdim.
- Başa düşmədim Kazım kişi. Nə olub?
- Mən onunla qızı Cahan haqqında danışacağam.
Arzu Cahanın adını eşidib əlindəki çay fincanını masaya qoydu. Kazım kişiyə baxıb:
- Cahan haqqında?-deyə təəccüblə soruşdu.
- Hə, Fazillə Cahan haqqında danışacağam. Düşünürəm onu mənim söhbətim maraqlandırar.
Arzu susdu. Kazım kişiyə baxıb dərin bir fikrə getdi. Kazım kişi Arzunun susduğunu görüb soruşdu:
- Arzu, Fazil Cahanı evdən qovub?
- Bu səni niyə narahat edir?
- Çünki Cahan mənim evimdədir. Artıq bir neçə vaxtdır ki, o mənim evimdə qalır.
- Necə? Sənin evində qalır Cahan? Kazım kişi, sən nə danışırsan?
-Hə Arzu, sənin bacın Cahan mənim yanımdadır. Qulaq as olmaya Cahanı evdən qovmusunuz?
Arzu Kazım kişiyə baxdı. Nə deyəcəyini vəhardanbaşlayacağını bilmədi. Özlüyündə çox götür-qoy etdikdən sonra:
- Deməli, Cahan sizin evdə qalır?
- Dedim axı, hə.
- Çox gözəl, bəs atamla nə danışacaqdın, hə? Cahanın sizin evdə olduğunu deyəcəkdin?
- Mən sadəcə həqiqəti öyrənmək istəyirəm. Yəqin ki, Cahan özbaşına bizə çıxıb gəlməz.
- Ay Kazım kişi-deyə, Arzu gülümsədi:
- Məncə sən atamla bu haqda danışmamalısan. Yaxşı olar ki, Cahanı evindən rədd edəsən. O, sənə problemlər yaradacaq. Məsləhətim budur ki, sən onu yola salasan.
- Səbəb?
- Məncə nə qədər az bilsən, bir o qədər yaxşıdır. Düşünürəm ki...
- Qulaq as Arzu,-deyə, Kazım kişi onun sözünü yarımçıq kəsdi:
- Məncə sən nə isə gizlədirsən, mənə demək istəmirsən.
- Mən heç bir şey gizlətmirəm. Sadəcə səndən onu evindən qovmağını istəyirəm. Hə, onu atam evdən qovub. Özün də yaxşı bilirsən ki, Cahan heç bir zaman arzuolunan övlad olmayıb. Məhz, arzuolunmadığı üçün bu evdən qovulub.
Kazım kişi susaraq Arzuya baxdı. Arzu isə yalanının baş tutduğunu düşünürdü. Kazım kişi həqiqəti öyrənməyı çalışsa da Arzudan heç nə öyrənə bilməmişdi. Fazili gözləməyi də mənasız bilib ayağa durub, Arzu ilə sağollaşmadan belə evi tərk etdi...
Artıq universitetlərin başlanmasına az qalırdı. Cahan ilk dərs gününə başlayacağı üçün həyəcanlanırdı. Fazilin evindən gələn gündən Kazım kişi Cahana qarşı sözün yaxşı mənasında dəyişmişdi. İndi ona daha çox diqqət və qayğı göstərir, hər çətinliyində ona kömək etməyə çalışırdı. Kazım kişidən fərqli olaraq oğlu Pənah isə öz məkrli niyyətini həyata keçirmək üçün planlar cızırdı, hansısa bir yolla onu yatağına salmağa çalışırdı. Əlbəttə, bütün bunlardan xəbərsiz olan Cahan, Pənahın bu addımı atacağını bilmirdi. Ta o günə qədər ki...
O gecə, o dəhşətli gecə idi. Pənah evdə Cahanla tək qaldığı gün ona təcavüz etmişdi. Onu yatağına içirdərək salmışdı və yataqda bakirə olmadığını öyrənmişdi. Cahanın bakirə olmadığını içkinin təsirindən ayıldıqdan sonra bilmişdi, amma artıq gec idi. Onunla yaxınlıqdan sonra Pənah Cahanı şərləyib atası Kazım kişiyə onun oğru olduğunu söyləyərək evdən qovdurmuşdu. Yenə əlində çamadan çöldə qalan Cahan hara gedəcəyini, nə edəcəyini bilməyib Humay xanımdan kömək istəmişdi. Əlbəttə, Humay xanım ona kömək etmişdi. Cahana yerləşməsi üçün ucuz bir ev tutmuşdu. Cahan isə evə yerləşdikdən sonra dayısı Teymurdan pul alaraq həyatını qurmuşdu.
Nəhayət universitet başlamışdı. Hər kəs kimi Cahan da universitetə gedib-gəlir, dərslərində dayanmadan çalışırdı. Hətta artıq yeni evə daşınan Cahan öz tələbə yoldaşları Ləman və metis olan Jasminlə bir yerdə qalmağa başlamışdılar. Təbiətcə şıltaq olan Jasmin elə ilk gündən Cahanın ən yaxın rəfiqəsinə çevrilmişdi. Jasmin də Cahan kimi ailədən yarımasa da, ağıllı və dünyagörüşlü bir qız olduğu üçün Cahana hər zaman dəstəkçi idi. Az da olsa Cahanın başına gələnləri biləndən sonra onu daha çox qorumağa çalışırdı. Universitet həyatı heç də sakit keçmirdi Cahanın. Elə burda da Cahan öz gözəlliyi ilə universitetin ən sanballı və imkanlı oğlanlarından biri olan Sərxanın ağlını başından almışdı. Sərxan Cahana vurulmuşdu, onu dəlilər kimi sevirdi. Bu sevgidən Jasminin xəbəri olsa da, Cahan bunu qəbul etmirdi. Lakin Sərxan öz fikrində qəti idi, içindəki hisslərini Cahana dəfələrlə anlatmışdı, ancaq bir neçə dəfə rədd cavabı alsa da sonunda istəyinə nail olmuşdu. Cahan Sərxana ona qarşı biganə olmadığını bildirmişdi.
Artıq nə az, nə çox, iki il geridə qalmışdı. Bu iki il ərzində Fazil Cahanın orta məktəb müəlliməsi Şərqiyyə müəllimə ilə evlənmiş, nənəsi Ceyran arvad vəfat etmiş, bacısı Arzu isə imkanlı bir şəxsə ərə getmişdi. Əlbəttə Arzu ərə getsə belə, yenə də atası Fazilə nəzarət etməyə çalışırdı. Bu da Şərqiyyə müəlliməni narahat edirdi. Cahan isə Sərxan ilə olduqca xoşbəxt idi, dərsdən sonra gününün çox hissəsini onunla keçirən Cahan, onu itirmək istəmirdi. Düşünmürdü ki, Sərxan ilə onun sevgisinə kimsə mane ola bilər, amma...
Adi günlərdən biri idi. Jasmin və Ləman evdə olmadığından Cahan evdə tək idi. Yerində uzanıqlı vəziyyətdə Sərxanla çəkdirdiyi şəkillərə baxırdı ki, qapının döyülməsi onu yerindən qalxmağa məcbur etdi. Ayağa durub qapıya yaxınlaşaraq qapını açıb qarşısında tanımadığı 55-60 yaşlarında özünə baxımlı qadını görüb:
- Buyurun-deyə, ona baxdı.
- Deməli, Cahan sənsən?-deyə qadın saymazyana və özündən razı halda içəri girib ona baxdı.
Cahan qapını bağladı. Gələn qadının eqolu və özündənrazı olması onu əsəbiləşdirdi. Lakin əsəbinə hakim olub qadına baxdı. Qadın Cahanı süzdü, divanda oturub gözucu evə nəzər yetirdi, daha sonra üzünü ona tutub dedi:
- Bilirəm, özlüyündə düşünürsən ki, mən kiməm, hə? Cahan, mən Sərxanın anasıyam, adım Rəfiqədir. Bura səninlə oğlum haqqında danışmağa gəlmişəm.
- Oğlunuz haqqında?-deyə, Cahan təəccübləndi.
- Hə, düşünürəm ki, sən bizim söhbətimizdən bir nəticə çıxaracaqsan.
Heç nə anlamayan Cahan Sərxanın anası Rəfiqəyə baxdı. Susaraq nə deyəcəyini bilmədi. Hörmət əlaməti olaraq ayağa duraraq mətbəxə keçdi, az sonra əlində çay dolu sini içəri girdi. Çayları jurnal masasının üstünə qoyub onunla üz-üzə stulda oturdu. Rəfiqə Cahanın gətirdiyi çaya baxdı, çaydan bir qurtum alıb üzünü ona tutdu:
- Cahan, səninlə oğlum arasında olan münasibətlərdən xəbərim var. Bilirəm ki, bir- birinizi sevirsiniz, amma məncə sizin bu sevginiz heç də uzunömürlü olmayacaq.
- Başa düşmədim, nəyə görə belə düşünürsünüz?
- Məgər haqlı deyiləm ki? Cahan, sən ağıllı qıza oxşayırsan, lakin mən bura bir ana kimi gəlmişəm. Gəlmişəm ki, səninlə ciddi danışım.
- Bilirəm nəyə eyham vurursunuz, Rəfiqə xanım. Amma siz də bilin ki, mən və Sərxan bir-birimizi sevirik.
- Çox nahaq. Sən və Sərxan bir yerdə ola bilməzsiniz, Cahan. Məncə ayrılsanız, yaxşı olar.
- Səbəb?
Rəfiqə Cahana onu istəmədiyini bildirdi. Onun Sərxana layiq bir qız olmadığını, Sərxanın nişanlı olduğunu bildirdi. Eşitdiklərindən təəccüblənən Cahan heç bir söz demədi. Rəfiqənin ona dediklərindən Cahan heyrətlər içində idi. Rəfiqə ayağa durub onunla sağollaşaraq getdi. Tək qalmışdı Cahan, divanda oturub əli ilə başını tutmuşdu. Sərxanın nişanlı olması xəbərinə məyus olmuşdu.
Sərxan isə baş verənlərdən xəbərsiz idi. Artıq Cahanla daha yaxın münasibətləri olduğu üçün Sərxan nişanlısı olan Güneldən belə ayrılmağa hazırlaşırdı. Günel ilə görüşüb danışmaq və bu məsələyə son nöqtə qoymaq istəyirdi. Bu məqsədlə də Sərxan Günelə zəng edib onun evinə yollanmışdı...
Ardı növbəti sayımızda