ABŞ-ın İranı hədə və şantaj siyasəti iflasa uğrayır

ABŞ-ın İranı hədə və şantaj siyasəti iflasa uğrayır

2 İyun 2019 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Yaxın Şərqə əlavə olaraq 1,5 min nəfər hərbi contingent göndərmək niyyətindədir. Bu barədə president Donald Tramp bəyan edib. O bunu bölgədə ABŞ-a İrandan gələn təhlükənin qarşısının alınması məqsədi ilə edildiyini bildirib. Öz növbəsində məsələ ilə bağlı Pentaqondan bildiriblər ki, bölgəyə göndəriləcək 1500 nəfərdən 600-ü Patriot zenit-raket komplekslərinə texniki xidmət göstərəcəklər. Buna paralel olaraq ABŞ qırıcı təyyarələrindən ibarət daha bir eskadrilyanın da bölgəyə göndərilməsi nəzərdə tutulub. Pentaqondan bölgəyə göndərilən hərbi kontingentin İraq və ya Suriyada yerləşdirilməyəcəyini bəyan ediblər. Hərbi ekspertlərin fikrincə, ABŞ-ın məqsədi bu yolla İranı daha bir təxribata çəkməkdir.

Son aylarda dəfələrələ İranın əleyhinə hədələyici bəyanatlar verən ABŞ deyəsən Tehrana münasibətdə taktikasını dəyişmək niyyətindədir. Belə ki, prezident Donald Trampın bölgəyə əlavə olaraq 1500 nəfərlik hərbi kontingentin göndərilməsi barədə qəbul etdiyi qərar faktiki olaraq bölgədə vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edir. Öz növbəsində ABŞ Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanaxan da Yaxın Şərqə əlavə olaraq 1500 nəfərlik hərbi kontingentin göndəriləcəyini təsdiq edib. Patrik Şanaxan bununla bağlı Tvitterində yazıb: "Pentaqon konqresə məlumat verib ki, mən Ali komandanının xahişini nəzərə alaraq 1500 nəfərlik hərbi kontingentin Yaxın Şərqə göndərilməsinə razılıq vermişəm. Bundan məqsəd bölgədəki müdafiə güclərimizin daha etibarlı şəkildə müdafiəsini təmin etməkdir. Bu, bizə İrandan gələn təhlükəyə qarşı verilən ağıllı cavabdır".

Öz növbəsində ABŞ Müdafiə nazirinin köməkçisi Keti Uilbarger bildirib ki, bölgəyə göndərilən əlavə hərbi kontingent Suriya və İraq hüdudlarından kənarda yerləşdiriləcək. Keti Uilbargerin dediyinə görə 1500 nəfəri bölgədə yerləşdirmək üçün onların dislokasiya məntəqələri var. Eyni zamanda Keti Uilbarger bildirib ki, ABŞ İranla münasibətləri gərgiləşdirmək niyyətində deyil və Tehran hökmən danışıqlar masası arxasına qayıtmalıdır: "Bizim siyasətimiz İrana münasibətdə dəyişməyib. Prezidentimizin və müdafiə nazirimizin də dediyi kimi biz İranla münaqişə axtaramırıq. Bizim bölgəyə göndərəcəyimiz əlavə hərbi qüvvələr də müdafiə təyinatlıdır".

Öz növbəsində ABŞ Birləşmiş Qərargah rəisləri qərargahının nümayəndəsi vitse-admiral Maykl Qildey bəyan edib ki, bölgəyə göndəriləcək əlavə hərbi kontingentin 600 nəfəri Patriot zenit raket komplekslərinə xidmət etmək üçün nəzərdə tutulub: "Yaxın günlərdə biz bölgəyə hərbi güclərimizin müdafiəsi məqsədi ilə müşahidə, kəşfiyyat aviasiya, və hərbi mühəndis bölmələri göndərəcəyik".

Eyni zamanda ABŞ bölgəyə hərbi qırıcı təyyarələr eskadrilyası göndərmək niyyətindədir. Hərbi qırıcı təyyarələr eskadrilyası, o cümlədən pilotsuz uçuş təyyarələri İranın qanadlı raketlərini nəzarət altında saxlanılması üçün nəzərdə tutulub.

Xatırladaq ki, əvvəllər də ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndəriləcəyini bəyan etmişdi. Bununla bağlı may ayının 23-də The Associated Press etibarlı mənbəyə istinadən yazmışdı ki, ABŞ Yaxın Şərq bölgəsinə 10 min nəfərlik hərbi kontingent göndərməyi planlaşdırıb. Daha əvvəllər, may ayının 14-də isə The Nevv York Times yazmışdı ki, ABŞ Yaxın Şərqə 120 min nəfərdən ibarət hərbi kontingent göndərəcək.

. Təbii ki, ABŞ-ın bölgəyə əlalvə hərbu qüvvələr göndərmək niyyətində olması Yaxın Şərqdə xüsusi maraqları olan Rusiyanı qane etməyib. Məsələyə münasibət bildirən Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Vladimir Cabarov "RİA Novosti"yə açıqlamasında deyib ki. istənilən halda Rusiya bölgəyə əlavə hərbi güclər göndərməyin əleyhinə çıxacaq. Onun sözlərinə görə, əgər ABŞ-ın 10 min hərbçisinin Yaxın Şərqə göndərilməsi planı reallaşdırılarsa, Rusiya buna qarşı çıxacaq. Vladimir Cabarov: "Rusiya əlbəttə ki, bu plana qarşı çıxacaq. Bu kimin xoşuna gələ bilər? Yaxın Şərqdə sadəcə növbəti gərginlik ocağı olacaq", – deyib.

ABŞ-ın bölgəyə əlavə olaraq 1500 nəfərlik hərbi kontingent göndərmək barədə qərarına İrandan da sərt reaksiya gəlib. Məsələyə münasibət bildirən İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İRNA agentliyinə açıqlamasında deyib ki, ABŞ-ın Yaxın Şərqə 1500 hərbçi göndərməsi regiondakı və bütün dünyadakı sülhə təhdid yaradır:

"Amerikalılar belə addımı özlərinin düşmənçilik fəaliyyətinə haqq qazandırmaq və Ərəbistan yarımadasında gərginlik yaratmaq məqsədiylə atıblar. Bu fəaliyyətlər bütün dünyada stabilliyə və sülhə təhdid yaradır", - deyə o bildirib.

Öz növbəsində rusiyalı ekspert Andrey Suzdaltsev bildirib ki, ABŞ bölgəyə 1500 nəfərlik hərbi kontingent göndərməklə Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, ABŞ-ın məqsədi bu yolla İranı daim gərginlik altında saxlamaqdır. Analitik belə hesab edir ki, İran da ABŞ-ın bu addımına qarşı analoji cavab verəcək: "ABŞ-ın hər vasitə ilə İranla münasibətləri gərginləşdirmək cəhdləri qarşı tərəfi də bunaq qarşı cavab tədbirləri görməyə məcbur edir. ABŞ-ın bölgəyə göndərmək niyyətində olduğu 1500 nəfərlik hərbi kontingent belə çətin ki, bölgədəki qüvvələr balansını dəyişdirə bilsin".

Lakin bütün hallarda o da aydındır ki, ABŞ –ın hazırda bölgədə olan hərbi qüvvələri İrana hərbi müdaxilə üçün yetərli deyil. Sadəcə olaraq bölgəyə göndəriləcək 1500 nəfərlik hərbi kontingent Vaşinqtonun Tehrana qarşı hədə və şantaj siyasətinin davam etdirilməsindən başqa bir şey deyil. Məsələ ilə bağlı bir ciddi məqama da diqqəti cəlb etmək istəyirik. Bu da ABŞ prezidenti Donald Trampın may ayının 14-də bölgəyə 120 min nəfərlik hərbi kontingent göndəriləcəyi barədə verdiyi açıqlamanın reallaşmaması ilə bağlıdır. Donald Trampın bununla bağlı açıqlamasından sonra bir daha bölgəyə 120 min nəfərlik hərbi qüvvə göndərilməsi barədə məsələyə qayıtmaması onun bu planının iflasa uğraması və Pentaqon generalları tərəfindən bəyənilməməsi kimi dəyərləndirilir. Amma hadisələrin gedişi göstərir ki, ABŞ prezidenti Donald Trampın bölgəyə nəinki 120 min, hətta 10 min nəfərlik hərbi kontingent göndərməsi istəyi də baş tutmayıb. Çünki bununla bağlı may ayının 23-də The Associated Pressin etibarlı mənbəyə istinadən ABŞ-ın Yaxın Şərq bölgəsinə 10 min nəfərlik hərbi kontingent göndərməyi planlaşdırdığı barədə yaydığı məlumatdan cəmisi 2-3 gün sonra Tramp bölgəyə 1500 nəfərliik hərbi kontingent göndəriləcəyini bəyan etdi. Bütün bunlar da bir daha sübut edir ki, ABŞ-ın ali dairələrində İranla müharibə arzu edilən hesab edilmir və Trampın müharibə istəyinə qarşı çıxırlar. Bu baxımdan Pentaqon generallarının Trampın 1500 nəfərlik hərbi kontingentin bölgəyə göndərilməsinə razılıq verməsi Ağ ev rəhbərinin ələ salınması olduğu ehtimal edilir. Çünki 120 min nəfərlik hərbi kontingentin bölgəyə göndərilməsinin əvəzində 1500 hərbçinin münaqişə zonasına göndərilməsinə razılıq verilməsi ilk baxışdan Trampın ələ salınması təsiri bağışlayır. Əslində Trampın nəinki İrana, həm də Şimali Koreyaya münasibətdə işə salmağa cəhd etdiyi şantaj və təzyiq siyasəti onun ABŞ-ın xarici siyasətinə vurduğu böyük zərbə hesab edilə bilər. Belə ki, ABŞ-ın Pxenyana münasibətdə hədə və şantaj siyasəti uğursuzluğa dükar oldu. O vaxt da Tramp Şimali Koreyanı müharibə ilə hədələyirdi. Lakin Pxenyan ABŞ-ın bu hədə və şantajlarının qarşısında əyilmədi. Nəticədə son məqamda Şimali Koreya lideri ilə danışıqlar masası arxasına oturan Tramp bundan sonra Pxenyandan əl çəkərək İranı hədəf aldı. Pxenyana münasibətdə olduğu kimi Tramp İrana münasibətdə də nüvə təhlükəsizliyi kartını işə salıb. Amma hadisələrin gedişi göstərir ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi şantaj və hədə siyasəti də iflasa uğramaq üzrədir. Belə ki, son bir neçə həftədə dəfələrlə İrandan danışıqlar üçün zəng gözlədiyini bəyan edən Tramp Tehrandan rədd cavabı alandan sonra belə qarşı tərəflə danışıqlar masası arxasında oturmaq üçün müxtəlif cəhdlərə baş vurmaqda davam edir. Bunu prezident Donald Trampın Yaponiyaya səfəri zamanı baş nazir Abe ilə görüşdə onun Tehranla Vaşinqton arasında vasitəçi olmaq niyyətini müsbət dəyərləndirməsi də sübut etməkdədir. Bu müstəvidə də Tramp ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abenin Vaşinqtonla Tehran arasındakı münasibətlərin yaxşılaşdırılması məqsədilə iyun ayında vasitəçi kimi İrana səfər etmək niyyətini müsbət qiymətləndirib. Bununla bağlı "Yomiuri" qəzetinin rəsmi mənbələrə istinadən yaydığı məlumatda deyilir ki, ABŞ lideri yaponiyalı baş nazirin Tehrana səfər fikrini dəstəkləyib və bu səfərin tez bir zamanda baş tutmasını diləyib.

Öz növbəsində məsələ ilə bağlı "Kyodo" agentliyinin məlumatına görə, S.Abenin İrana səfəri 12-14 iyun tarixlərində gerçəkləşə bilər.

Yeri gəlmişkən xatırladaq ki, Yaponiyaya səfəri ərəfəsində də Donald Tramp mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, əgər Tehran ABŞ ilə danışıqlar aparmaq niyyətindədirsə, Vaşinqton bu təklifə müsbət cavab verər. Abenin İrana səfərini və iki ölkə arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olmasının Tramp tərəfindən dəstəklənməsi də Vaşinqtonun İran siyasətinin "Pxenyan" effekti verdiyini bir daha təsdiq etməkdədir. Trampın İrana qarşı hər hansı hərbi əməliyyata başlamaq niyyətində olmadığını onun Abe ilə keçirdiyi mətbuat konfransında dedikləri də göstərir. Mətbuat konfransında Tramp: "İranda rejimi dəyişməyə cəhd etmirik, biz onların nüvə silahına malik olmamalarına çalışırıq",-deyib.

Trampın bu sözləri eyni ilə vaxtı ilə onun tərəfindən Pxenyana münasibətdə dedikləri ilə üst-üstə düşür. Bütün bunlar da Trampın Şimali Koreyaya münasibətdə tətbiq etdiyi şantaj və hədə siyasətinin İrana münasibətdə də iflasa uğradığını göstərir. Beləliklə ortada inkar edilməz bir fakt var, Bu da Trampın İran ətrafında böyük ajiotaj qaldırmasına baxmayaraq qarşı tərəfə hücum etməyəcəyi və Ağ ev rəhbərinin şantaj və hədə siyasətinin iflasa uğraması ilə bağlıdır.

Emin Axund