Taylandda eynicinsli nikahları qanuniləşdirən qanun qüvvəyə minir
Cənub-Şərqi Asiyada belə cütlüklərin mümkünlüyünü tanıyan ilk dövlət olan Taylandda eynicinslilərin nikahını qanuniləşdirən qanun qüvvəyə minib. Qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.
Bu qanun mülki məcəllənin həm nikah, həm də onun pozulması, habelə həyat yoldaşların ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələrinə aid bir sıra dəyişiklikləri nəzərdə tutur. Dəyişikliklər nəticəsində qüvvədə olan normativ aktın mətnindəki “kişi” və “qadın” sözləri “bir tərəf” və “digər tərəf” kimi islah edilmişdir. Eynicinsli cütlüklər bütün imtiyazlardan istifadə etmək, həmçinin uşaqları övladlığa götürmək hüququna malik olacaqlar.
Tailand hökuməti və parlamenti 2024-cü ildə eynicinsli nikahları tanıyan qanun layihəsini təsdiqləyib və bu qanun “Kral Qəzeti”ndə dərc olunduqdan 120 gün sonra qanuna çevrilib.
Tailand dünyada müxtəlif cinslərdən və eyni cinsdən olan insanlar arasında nikahların bərabər statusunu qanunvericiliklə qəbul edən 38-ci ölkə oldu.
“BBC” xəbər verir ki, yanvarın 23-də Banqkokda keçiriləcək mərasimdə mindən çox cütlüyün evlənəcəyi gözlənilir.
Almaz Həsənli