
Avropa Komissiyası Suriyanın yenidən qurulması üçün 175 milyon avro ayıracaq
Avropa Komissiyası Suriya iqtisadiyyatının yenidən qurulmasına dəstək üçün 175 milyon avro ayrıldığını elan edib.
Qeyd edilib ki, Suriya öz tarixində həlledici məqamdadır - münaqişə ilə işarələnmiş keçmişdən sülhə, sabitliyə və ümidə əsaslanan gələcəyə keçmək üçün real fürsətlər zamanıdır.
AK kommünikesində Suriya dövlət qurumlarının, o cümlədən Suriya diasporu da daxil olmaqla, digər ölkələrin ekspertlərinin köməyi ilə dəstəklənməsindən bəhs edilir. Enerji, təhsil, səhiyyə, kənd təsərrüfatı kimi sahələrdə yardım göstəriləcək.
Aİ-nin Suriyadakı planlarına həmçinin keçid ədalətinin təşviqi, o cümlədən cəzasızlıqla mübarizə, insan haqlarının dəstəklənməsi və itkin düşmüş şəxslərin işlərinin araşdırılması daxildir.
“Bundan əlavə, Komissiya Suriyanın Aralıq dənizindəki tərəfdaş ölkələrlə bir sıra əsas təşəbbüslərə, o cümlədən Erasmus+ təhsil proqramına və regionda əməkdaşlıq və əlaqəni gücləndirmək məqsədi daşıyan Aralıq dənizi üçün qarşıdan gələn Yeni Pakta inteqrasiyasını fəal şəkildə davam etdirir”, - AK bildirib.
Əziz Mustafa , Oxuməni.az