Estoniya minaları qadağan edən Ottava Konvensiyasından çıxır

Estoniya minaları qadağan edən Ottava Konvensiyasından çıxır

5 İyun 14:10
Bəyəndim (3) Bəyənmədim (0)

Estoniya parlamenti Avropa və Baltik dənizi regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ölkənin Ottava Konvensiyasından çıxmasına səs verib. Çərşənbə günü, iyunun 4-də Estoniya parlamenti ölkənin Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Ottava Konvensiyasından çıxması haqqında qanun qəbul edib.
Estoniya “Riigikogu” parlamentinin saytında dərc olunan məlumatlara görə, hökumətin hazırladığı qanun layihəsinə ümumilikdə 101 deputatdan 81-i səs verib. “Estoniya Ottava Konvensiyasını 20 ildən çox əvvəl ratifikasiya etdikdən sonra Avropa və Baltik dənizi regionunda təhlükəsizlik vəziyyəti xeyli pisləşib, NATO-ya üzv dövlətlər üçün hərbi təhlükə artıb”, - qanunun izahatında deyilir.
Sənəddə qeyd olunur ki, Konvensiyadan çıxmaq Estoniya Müdafiə Qüvvələrinə silah sistemləri və lazım gəldikdə istifadə olunacaq həll yollarını seçməkdə daha çox çeviklik və sərbəstlik verəcək.
Mayın 8-də Litva Seymi də ölkənin Ottava Konvensiyasından çıxmasını təsdiqləyib. Litva parlamenti bu qərarı regionda təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi ilə izah edib.
Aprelin ortalarında ölkənin Ottava Konvensiyasından çıxması haqqında qanun Latviya Seymi tərəfindən qəbul edilib, daha sonra isə ölkə prezidenti Edqars Rinkeviçs tərəfindən imzalanıb.
Polşa və Finlandiya da Piyadalara Qarşı Mina Qadağası Konvensiyasından çıxmaq niyyətlərini açıqlayıblar. Bir ölkənin Ottava Konvensiyasından çıxmaq qərarı BMT-nin müraciətini aldıqdan altı ay sonra qüvvəyə minir.


Almaz Həsənli