
Fransa və Britaniya Ukraynaya qoşun yeritmək planını hazırlayaraq başa çatdırıb
Böyük Britaniya və Fransa Ukraynaya qoşun yeritmək planını tamamlayıb. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
“Böyük Britaniya və Fransa qüvvələrin yerləşdirilməsi və onların prosedurları ilə bağlı planı tamamlayıb, lakin atəşkəs danışıqları bərpa olunana qədər planı təxirə salıblar”, - mənbə bildirib.
Mətndən göründüyü kimi, Avropa hökumətləri Rusiyanı çəkindirmək üçün nəyin lazım olduğuna dair qiymətləndirmələrini düzəldiblər. Onlar belə qənaətə gəliblər ki, Ukrayna qüvvələri, Avropa qoşunları və NATO-nun şərq cinahında aviasiya və Qara dənizdə patrul əməliyyatları kifayət edəcək.
Paris və London həmçinin ABŞ-ın lazımi kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini və Rusiya və Ukrayna sərhədlərindəki hadisələri izləyəcəyini güman edirlər.
Mayın 10-da Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, “könüllülər koalisiyasının” iştirakçıları respublikaya qarşı “istənilən təcavüzün qarşısını almaq üçün” Ukrayna ərazisinə hərbi kontingentlərin göndərilməsi məsələsində irəliləyiş əldə ediblər. Eyni zamanda, o, avropalı hərbi rəsmilərin Ukrayna Silahlı Qüvvələrinin komandirləri ilə apardığı “müzakirələrdən qabağa getmək” istəməyib.
Əziz Mustafa, Oxuməni.az