Fransada bütün siqaretlər eyni qutuda satılacaq

Fransada bütün siqaretlər eyni qutuda satılacaq

26 Sentyabr 2014 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada siqaret istifadəçilərinin sayını azaltmaq üçün yeni qanun layihəsi hazırlanır. Qanun qəbul olunacağı təqdirdə, markasından və ölçüsündən asılı olmayaraq bütün siqaretlər eyni qutuda satışa çıxarılacaq və həmin qutularda siqaret markalarının adı deyil, siqaretin zərərləri barədə mətnlər və qorxulu şəkillər yer alacaq.

BBC-nin Fransa Səhiyyə Nazirliyinə istinadən yaydığı xəbərə görə, yenilikdə məqsəd qarşıdakı 5 il ərzində ölkə əhalisi arasında siqaret çəkənlərin sayını ən azı 10% azaltmaqdır.

Qeyd edək ki, analoji üsul 2012-ci ildən bəri Avstraliyada tətbiq olunur. Siqaret qutularının üzərində istehsalçının markası və ya loqosu deyil, qorxulu şəkillərlə dolu mətnlər yer alır. Bunun nəticəsində on minlərlə insan pis vərdişindən azad olub. Aparıcı tütün məhsulları istehsalçıları isə bu fikirlə qətiyyən razı deyillər. Imperial Tobacconun rəsmi nümayəndəsi Selin Odiber bu kimi tədbirlərin nəticə verməyəcəyini vurğulamaqla yanaşı, yeni qanun layihəsinin intellektual mülkiyyətin oğurlanması demək olduğunu bildirib və məsələni hüquqi müstəvidə həll edəcəklərini deyib.

Xatırladaq ki, Fransanın da daxil olduğu Avropa İttifaqının qanunvericiliyinə görə, hazırda siqaret qutularının 65%-i tütün məhsullarının zərəri barədə elanlara həsr olunur.

Mediainfo.az