
Moskvada Rusiya və ABŞ arasında danışıqların yeni raundu keçiriləcək
Rusiya və ABŞ ikitərəfli diplomatik münasibətlərdəki “qıcıqlandırıcıların” aradan qaldırılması ilə bağlı məsləhətləşmələri İstanbuldan paytaxtlarına köçürmək barədə ilkin qərar qəbul ediblər. Bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.
Diplomatın sözlərinə görə, çox yaxın vaxtlarda Moskvada nümayəndə heyətləri arasında danışıqların yeni raundu keçiriləcək. O, Rusiya-Amerika münasibətlərinin “bərpasının” hələ çox uzaqda olduğunu, prosesin çətin və ləngidiyini vurğulayıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası bildirib ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında üçüncü raund danışıqlarının tarixi və yeri barədə Ankaranın məlumatı yoxdur.
Martın 24-də Rusiya və ABŞ-dan olan nümayəndə heyətləri Ər-Riyadda Ukraynada nizamlanma ilə bağlı danışıqlar aparıb, müzakirənin mərkəzi mövzusunun Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi olduğu elan edilib. Atəşkəs və infrastrukturun qorunmasının da müzakirə edildiyi görüş ümumilikdə 12 saat davam edib.
Bundan əvvəl Putinlə Tramp arasında telefon danışığı olub. Onlar Rusiya-Ukrayna münaqişəsini, həmçinin İstanbulda son danışıqları müzakirə ediblər.
Bundan əvvəl Rusiya ilə ABŞ arasında danışıqların beynəlxalq ictimaiyyətin iştirakı ilə davam edəcəyi bildirilirdi.
Əziz Mustafa, Oxuməni.az