Separatçı DNR rejimi parlament və prezident seçkilərinə hazırlaşır
Ukraynanın şərqində kök salmış separatçı rejimlər 26 oktyabrda Ali Radaya seçkilərə qatılmayacaqlar. UNİAN-nın məlumatına görə, separatçı Donetsk Xalq Respublikasının (DNR) baş naziri Aleksandr Zaxarçenko Ukrayna parlamentinə növbədənkənar seçkilərin onlara aid olmadığını bildirib və bunu qonşu ölkənin daxili işi adlandırıb. O, cari ilin 2 noyabr tarixində DNR-də parlament və prezident seçkilərinin keçiriləcəyini bəyan edib.
Xatırladaq ki, 16 sentyabrda Ukrayna parlamenti Donetsk və Luqansk vilayətlərinin bəzi əraziləri üçün "xüsusi status haqda qanun" qəbul edib. Qanunda 7 dekabrda həmin ərazilərdə yerli idarəetmə orqanlarına seçkilərin keçirilməsi nəzərdə tutulur.
İnterfax-ın məlumatına görə, Luqansk Xalq Respublikasının (LNR) əhalisi də Ukrayna parlamentinə növbədənkənar seçkilərdə iştirak etməyəcək.
Mediainfo.az


























































































