BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

12 Oktyabr 11:25
Bəyəndim (22) Bəyənmədim (0)

Nailə Babayeva

(REAL HADİSƏLƏR ƏSASINDA)

1-ci hissə

Ziyalı bir ailədə böyümüşdür Cahan. Əslində atası Fazil müəllim tərəfindən ailədə istənməyən, arzulanmayan bir uşaq idi. Həmişə övladları arasında ayrı seçkilik salır, Cahanı böyük bacısı Arzu, qardaşı Azərdən ayrı tuturdu. Bütün bunlar Cahanın gözündən yayınmır, atası Fazil müəllimin nədən onu sevmədiyini düşünür, özünə suallar verir, verdiyi suallara isə cavab tapa bilmirdi Cahan.

Atası Fazil müəllimdən fərqli olaraq, anası Gülzar xanım hər zaman Cahanın qayğısına qalır, ondan ana sevgisini əsirgəmirdi. Onun üçün Cahan tam fərqli idi, onun gəlişi Gülzar üçün Allahdan bir hədiyyə idi. Cahanla bərabər bütün övladlarına diqqət, qayğı göstərməsinə baxmayaraq Cahanı daha çox müdafiə edir, onu bütün pisliklərdən qorumağa çalışırdı. İxtisasca həkim olan Gülzar xanım bilirdi ki, qəfil hər hansısa bir hadisə Cahanın həyatını qaralda bilər. Çünki Cahan riyakar dünyanın saf bir mələyi idi. O zamana qədər ki...

Son dönəmlərdə səhhətində problemlər yaranmışdı Gülzar xanımın. Hətta səhhətilə bağlı yoxlamadan belə keçib yoxlama cavablarını almışdı. Artıq bilirdi ki, illərdir ona əziyyət verən xəstəlik artıq onu ram etmişdi. Amma Gülzar xanım bütün bunlara baxmayaraq heç ölmək istəmirdi, əksinə, yaşamaq, qızı Cahanı oxudub ali təhsilli bir qız kimi görmək istəyirdi. Anası Gülzar xanımın xəstəliyindən 15 yaşlı Cahanın da xəbəri var idi. O, anasının xəstəliyini təsadüfən öyrənsə də, anasının özünə deməyə qorxurdu. Gülzar xanın isə xəstəliyini bacısı Məlahətdən başqa heç kəsə deməmişdi. Düz o günə qədər ki...

Günlərin bir səhəri yenə Gülzar xanım dərmanlarını qəbul etdikdən sonra işə getməyə hazırlaşırdı. Güzgü qabağında özünə çəki düzən verərək qızı Cahanın maraqla ona baxdığını görüb gülümsədi. Ona göz vurub gözləri ilə oxşadı. Cahan yerindən durub “ana, səni çox istəyirəm” deyə qaçaraq onun boynunu qucaqladı. Gülzar xanım onun saçlarını oxşayıb öpərək “mən də səni”-dedi. Cahan ona baxdı, qorxa-qorxa “ana, sənə bir söz deyə bilərəm?” dedi.

- Buyur, gözlərimin işığı.

- Amma qorxuram bu sözü deməyə, ana. Amma mən qorxuram, səni itirməkdən çox qorxuram.

Gülzar xanım Cahanı öpdü:

- Məni niyə itirəsən ki, Cahanım?

Cahan doluxsunmuşdu, ona baxıb:

- Mən hər şeyi bilirəm ana.- dedi:-Sən öləcəksən, hə?

Cahanın bu sualı Gülzar xanımı duruxdurdu. Nə cavab verəcəyini bilmədiyindən ayağa durdu. Pəncərəyə yaxınlaşıb çölə baxaraq dərindən ah çəkdi. Cahan isə cavab gözləyirdi. Sualının cavabsız qalmasını istəmirdi.

- Ana, dedi -Mən cavab gözləyirəm, sən öləcəksən hə? Sən xəstəsən?

- Sən bunu hardan çıxartdın?- deyə Gülzar xanım gözünü pəncərədən ayırıb qızı Cahana baxdı.

- Ana, bilirəm hər şeyi. Sən xəstələnmisən və öləcəksən. Bəs mən, ana? Əgər sənə nəsə olsa, mənə nə olacaq? - deyə özünü saxlaya bilməyən Cahan ağlamağa başladı. Onun göz yaşlarına dözə bilməyən Gülzar xanım yaxınlaşıb onu qucaqladı. Saçlarını oxşayıb alnından öpdü.

- Mən yaxşıyam ananın ürəyi. Sadəcə bir qədər nasazlamışam və o da bir müddət sonra keçib gedəcək Cahanım.

- Ana, mən hər gün Allaha dua edəcəm ki, sənə heç nə olmasın. Sənə heç bir şey olan deyil.

- Əlbəttə

- Əgər sənə bir şey olsa, mən də səninlə ölərəm.

Cahanın son sözləri Gülzar xanımı kövrəltdi. Onu bağrına basıb başından öpdü, saçlarının ətrini içinə çəkərək öz özünə “mən yaxşıyam, mən ölməyəcəyəm, mən yaşayacağam”- deyib istər-istəməz gözündən axan yaşını gizlincə sildi.

O, yaxşı bilirdi, bilirdi ki, xəstəliyi ciddidir, artıq atdığı həblər belə ona kömək etmirdi. Bilirdi ki, qəfil bir gün o, həyata “əlvida” deyərək gözlərini yumacaq. Ömrü boyu qızı Cahana yalan danışmayan Gülzar xanım indi məcburiyyətdən yalan danışmışdı. Əlbəttə, yalan danışmasına baxmayaraq 15 yaşlı Cahan bu yalana inanmamışdı.

Anası Gülzar xanımın xəstəliyini biləndən sonra Cahan özünə yer tapa bilmirdi. Xəstəliyi artmışdı Gülzar xanımın və işə belə getmirdi. Yalnız evdə olur, günün yarıdan çoxunu uşaqlarla birgə keçirdirdi. Sadəcə ölmək istəmirdi Gülzar xanım. O, yaxşı bilirdi ki, ölümündən sonra heç də hər şey Cahan üçün yaxşı olmayacaqdı. Məhz elə bu səbəbdən də hər gecə Allaha dua edərək ölməməsi üçün, Cahanın xoş gününü görmək üçün Allahdan möhlət istəyirdi. Cahan da laqeyd qalmamışdı hər şeyə. Otağında çarpayısında oturub əlini göyə açaraq Allahdan anası üçün şəfa istəmişdi. Amma sən saydığını say, gör fələk nə sayır...

“Ay Allah, bilirsən səni nə qədər çox sevirəm. Həmişə ən çətin anlarımda sənin ətəyindən tutmuşam. Bilirsən, nə atam, nə bacım, qardaşım məni ürəkdən sevmirlər. Məni sevən, mənə həyan olan bircə anamdır. Nə olar, onu məndən alma. Mən onsuz ölərəm axı. Qurban olum, ay Allah, anamı mənə bağışla. Onun yerinə məni al yanına!” deyərək Cahan otağında anası üçün dua edib göz yaşları axıdırdı.

Onun bu dualarını Gülzar xanım eşitdiyi zaman qəhərdən boğulmuşdu. Çünki hər bir sözdə həqiqət var idi. Bəli, əgər ona bir şey olsaydı Cahan gerçəkdən yetim qalacaq, onun taleyi bacısı Arzudan və qardaşı Azərdən tam fərqli olacaqdır. Məhz elə buna görə də Gülzar ölməyi istəmirdi. O, yaşamalı xəstəliyi ilə mübarizə aparmalı idi. Amma heyf.....

İsti iyul ayı. Gülzarın ağrıları daha da artmışdı və əvvəlki kimi yeriyədə bilmirdi. Bu hala əri Fazil müəllim pis olsa da baş verən hadisələrə görə Cahanı günahkar hesab edirdi. Cahanın dünyaya gəlişini bədbəxtlik bilirdi. Məhz buna görə də Cahana hər dəfə nifrət dolu baxışlarla baxır, onu xırda bir hadisənin üstündə danlayır, “baş yeyən ləçər, rədd ol, gözüm görməsin səni”, deyib qovurdu. Cahan isə başını aşağı əyib için-için ağlayaraq otağına gedirdi. Atası Fazil müəllimin bu hərəkətləri böyük qızı Arzunu az da olsa narahat etsə belə, səsini çıxarmağa qorxurdu.

Həmin isti iyul ayının bir gecəsi Gülzar xanım dünyasını dəyişdi. Onun ölümü bir gecənin içində hərtərəfə, hətta xaricdə yaşayan qardaşı Teymura da çatmışdı. Elə Teymur da gecə ilə bilet sifariş edib vətənə qayıtmışdı.

Gülzar xanım dəfn olunmuş, hər kəs artıq toplanmışdı. Fazil müəllim bir qıraqda dayanıb siqaret çəkirdi. Olan, keçən günləri düşünürdü ki, bu düşüncələrdən onu anası Ceyran arvad ayırdı.

- İndi neyləyəcəksən?

Fazil müəllim anası Ceyran arvada baxdı. Cavab verməyib siqaretin söndürərək növbəti siqareti yandırdı. Ceyran arvad isə başındakı yaylığı düzəldib:

- Fazil, dedi,- indi üç uşaqla neyləyəcəksən?

- Ana, mənim üç uşağım yox, bir qızım və bir oğlum var.

- Boy bismillah. Bəs Cahan? Sən Cahanı övladın saymırsan, ay oğul?

Fazil əsəbi halda:

- O baş yeyən abırsız mənim üçün heç kimdir! –dedi. -Mənim Cahan adında qızım yoxdur! Bilirsən də, özün görmüsən, o, dünyaya gələndən ancaq problemlər olub. Kaş ki, Allah Gülzarın yerinə Cahana dərd verib onu öldürərdi.

Fazilin bu sözləri Ceyran arvadı duruxdurdu. Təsadüfən onların söhbətini eşidən Məlahətin isə əlindən stəkanlar yerə düşdü. Bu mənzərə Fazil müəllim ilə anası Ceyran arvadın da gözündən yayınmadı....

Məlahət eşitdiklərindən təəccüblənmişdi. Təəccüblənməyi bir yana qalsın, əsəb keçirdiyindən yerə tökülən stəkan parçalarlnı yığaraq:

- Bu nə deməkdir? Eşitdiklərim doğrudur? -deyə soruşdu.

Məsələnin ciddi olduğunu anlayan Fazil müəllimin anası Ceyran arvad elə ağzını açmaq istəyirdi ki, Fazil müəllim onu qabaqladı.

- Bəlkə düz demirəm, hə? Dünyaya gələndən Cahan ancaq...

- Sus - deyərək Məlahət Fazil müəllimin sözünü ağzında yarımçıq qoydu:

- Sən düz danışmırsan yeznə. Axı 15 yaşında bir qızın nə günahı ola bilər? Məgər olanlardan Cahan günahkardır? Hər şey Allahın yazdığı yazıdır, onun yazdığı yazıya bir pozu yoxdur. Unutma ki, Cahan da, Arzu və Azər kimi sənin övladındır.

- Mənim Cahan adında övladım yoxdur. Əgər Cahana görə belə narahatsansa, götür özünə -deyə, Fazil müəllim Məlahətin cavabını gözləmədən gələnlərin yanına getdi. Anası Ceyran arvad isə susqunluqla Məlahətə baxırdı. Bilirdi ki, nəsə desə, Məlahət sakit dayanmayacaq.

Anası Gülzar xanımın ölümündən sonra Cahanın dünyası qaralmışdı. Gülzar xanımın yoxluğu Cahan üçün bir dərd olmuşdu. İndi o, həqiqətən tək olduğunu başa düşürdü. Cahanın təkliyi onu üzürdü. Xalası Məlahətin qayğısı, dayısı Teymurun nəvazişi Cahana heç nəyi ovundura bilmirdi. Məlahətin ana və xala qayğısı Cahan üçün xoş olsa belə, dayısı Teymurun nəvazişi, sevgisi əslində dayı “sevgisi” deyildi.

Gülzarın üç və yeddi mərasiminə hələ var idi. Məlahət Cahanı götürüb evinə gətirmişdi. Ona yemək qoyub qonaq otağına keçərək əri Osmanın sərt baxışlarla ona baxdığını gördü. Məsələnin nə olduğunu anlayan Məlahət:

- Osman,-dedi, nə olub, yenə əsəbisən?

- Zəhrimar nə olub, dərd nə olub, deyə, Osman od püskürməyə başladı:

- Ay qız, sən niyə bu qədər axmaqsan? Sənin nəyinə lazımdır bu başyeyəni, bədbəxt və nifrini bura gətirmisən?

- Ay Osman, niyə elə danışırsan? Məgər bilmirsən ki, Cahan bacımın balasıdır. Yazığı orda ortalıqda niyə qoymalı idim axı!

- Ortalıqda niyə qalır? Atası, nənəsi, bacı-qardaşı var.

- Məgər olanları bilmirsən? Görmürsən ki, Fazil Cahana gün verib, işıq vermir?

- Yəqin nəsə bilir də. Onsuz da dünyaya gələndən heç kəs onu sevmədi. Doğulduğu gün anan öldü, sonra bacın. Demə ki, bu qismət alın yazısıdır, mən elə şeylərə inanmıram. Yaxşı olar ki, sabah bu bədayaq, başyeyəni aparanda, elə orda da qoy qalsın,-deyərək sözünü yekunlaşdıran Osman otağı tərk etdi.

Tək, tənha qalan Məlahət divana oturub dərindən ah çəkdi. Bu zaman onun yanına gələn Cahan əli ilə xalası Məlahətin saçlarını sığallayıb:

- Xala,- dedi, -sən özünü üzmə, Osman əmi düz deyir, məni heç kəs sevmir. Mən həyata niyə gəlmişəm, bilmirəm. Onsuz da bədayaq və başyeyən olmuşam. Kaş ki, Allah məni də aparaydı yanına. Onsuz da yaşamağa nə maraq var!

Məlahət heç bir söz demədi. Cahanı bağrına basıb başından öpərək istər-istəməz özünü saxlaya bilməyib göz yaşları axıtmağa başladı...

Ardı növbəti sayımızda.