BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

13 Oktyabr 11:23
Bəyəndim (16) Bəyənmədim (0)

Nailə Babayeva

(REAL HADİSƏLƏR ƏSASINDA)

2-ci hissə

...Məlahət heç bir söz demədi. Cahanı bağrına basıb başından öpərək istər-istəməz özünü saxlaya bilməyib göz yaşları axıtmağa başladı.

Səhər açılmışdı. Hazırlıqla əlaqədar Məlahət Cahanı da götürüb onların evinə gəlmişdi. Cahana yuxarı qalxmasını söyləyib özü həyətdə qurulan mağara, qadınların yanına getdi. Cahan pilləkənləri qalxaraq pilləkəndə dayısı Teymur ilə üz-üzə gəldi. Salamlaşıb yuxarı qalxdı. Teymur onun arxasınca onu süzüb aşağı düşdü. Cahan evə gəlib girdiyi zaman atası Fazil müəllim onu görüb dodağının altında “yenə gəldi nifrin” deyərək siqaret yandırdı. Evdə atası Fazil müəllimdən başqa heç kəsi görməyib onun yanına gəlib stulda oturdu. Özlüyündə danışmağın uyğun vaxt olduğunu düşünürdü. Ona maraqlı olan suallara aydınlıq gətirmək fikrində idi Cahan. Fazil müəllim siqaretində tüstü alıb çölə buraxdı, Cahana baxıb:

- Hə, nədir? – dedi, görürəm sözlü adama oxşayırsan?

- Ata, deyərək Cahan udqundu:

- Məncə, biz bir ata-bala kimi danışmalıyıq.

-Səninlə nə danışacağam, hə? Səndə beyin var ki?!

Cahan susdu. Atası Fazil müəllimin dediyi sözlər ona toxundu. Fazil müəllim:

- Sən yaxşı bilirsən ki, mən səni heç bir zaman bir övlad kimi istəməmişəm,-deyərək siqaretini söndürüb stuldan qalxdı:

- Mənim üçün sən hər zaman arzuolunmaz bir övlad olmusan, Cahan.

- Səbəb?

- Buna səbəblər çoxdur. Hansı birin deyim? Sən dünyaya gələndən ancaq bədbəxtçiliklər gətirdin bizə.

- Ata, sən nə danışırsan? Axı bütün olanlarda mənim nə günahım var?

- Sənin günahın var, Cahan, özü də necə var. Sən ancaq mənə problem yaratmısan, mənə və bütün nəslə. Həyata gəldiyin günə lənət olsun.

- Nə olar, belə danışma-deyə, Cahan titrək səslə dilləndi.

- Bəs necə danışım, hə?-deyə Fazil müəllim stulda oturan Cahana yaxınlaşdı:

- Məgər olanları görmürsən, bu qədər korsan? Doğulduğun gün ana nənən, indi də anan. Sən necə bədayaq və nifrin bir uşaqsanmış. Kaş elə onların yerinə sən ölərdin!

Fazil müəllimin son sözləri Cahana sillə kimə dəydi. Ayağa durub otaqdan çıxmaq istədiyi zaman atası Fazil müəllim ona imkan vermədi:

- Mən hələ qurtarmamışam sözümü. Elə bilirsən bundan sonra rahat olacaqsan? Unutma, sənin qara günlərin bundan sonra başlayır. Sən heç bir zaman mənim üçün nə Arzu, nədə ki, Azər ola bilməzsən. Onların ayağının tozu belə sənin vicdanından təmizdir.

Cahan artıq heç nə eşitmək istəmirdi. Ayağa durub otağına qaçaraq içəri girib qapını örtdü. Çarpayısına oturub ağlamağa başladı. İçin-için göz yaşı töküb anası Gülzar xanımın şəklinə baxaraq sanki o sağ imiş kimi ona şikayət etməyə başladı:

- Görürsən ana, görürsən. Məni axı niyə qoyub getdin. Məni niyə tənha qoydun ana. Axı, Allah səni niyə tez apardı yanına. Kaş sənin yerinə atamı alaydı. Ana, mən bacarmıram, məni də yanına apar, nə olar!..

Ağlamağa başladı Cahan. Amma ağlamaqla heç nə əldə etməyəcəyini görüb çıxış yolu axtarmağa başladı. Çıxış yolunu isə intiharda tapdı. Ayağa durub otağından çıxaraq anası Gülzarın otağına gəlib dolaba yaxınlaşdı. Dolabın siyitməsini açıb oradan anasına aid dərmanlardan götürüb dərman şüşəsini açaraq əlinə bir neçə dərman həbi tökdü. Elə dərmanları içməyə hazırlaşırdı ki, bu vaxt içəri girən xalası Məlahət - dayan Cahan!-deyərək ona səsləndi.

Məlahət təlaş içində Cahana çatıb əlindəki dərmanları aldı. Onu qucaqlayıb:

- Sən dəli olmusan?-dedi.

- Xala, mən...mən...

Qəhər Cahanı boğduğundan danışa bilmədi. Xalası Məlahətə sığınıb dərindən bir ah çəkdi. Məlahət isə artıq hər şeyi başa düşmüşdü və bu məsələyə bir son qoymalı idi. Cahanı qoruyacağını Məlahət bacısı Gülzar xanıma söz vermişdi. Və söz verdiyi gün bugünkü kimi yadında idi.

... O gün Məlahət evdə idi. Əri Osmanın çirkli paltarlarını paltaryuyana atıb yuyaraq mətbəxdə yer-yığış edirdi ki, qapının zənginə işini yarımçıq qoyub qapıya yaxınlaşdı. Qapını açıb bacısı Gülzar xanımı kandarda görüb salamlaşaraq onu içəri dəvət edib qapını bağladı. Birlikdə iki bacı mətbəxə keçib stulda oturaraq bir-birlərinə baxdılar. Bu arada Məlahət çay süzərək masa üzərinə qoydu, bacısı Gülzar xanımı fikirli görüb çaydan bir qurtum içərək:

- Gülzar,-dedi: -xeyr ola bacı qurban? Sənə nə olub, yaman fikirlisən?

Gülzar xanım bacısı Məlahətin gətirdiyi çay dolu fincanda əksinə baxaraq dedi:

-Məlahət, bura səninlə danışmağa gəlmişəm.

- Nəsə olub?

- Olub-deyərək, Gülzar xanım gözünü fincandan çəkib Məlahətə baxdı:

- Bura səninlə ciddi danışmağa gəlmişəm.

- Ciddi? Məni qorxudursan Gülzar. Evdə nəsə olub?

-Evdə hamı yaxşıdır. Olan mənə olub.

Məlahət Gülzar xanıma baxdı. Çayından bir qurtum alıb:

-Sənə?

- Hə, Məlahət, mənə. Mən xəstəyəm, mən öləcəyəm.

- Necə? -deyə, Məlahət təlaş içində soruşdu:-Sən nə danışırsan?

Gülzar xanım bircə-bircə olanları danışıb ona başa saldı. Necə xəstəlik tapdığını, xəstəliklə necə mübarizə apardığını, illərdir dərman qəbul etdiyini, artıq bu dərmanların ona təsir etmədiyini və öləcəyini deyib Məlahətə Cahandan ötrü narahat olduğunu da bildirdi. Gülzar xanım hər danışdıqca haldan-hala düşən Məlahət qəhər içində idi. Gözləri belə qəhərdən dolmuşdu. Bacısı Gülzar xanımın xəstəliyi onu üzmüşdü. Gülzar xanımın ona Cahandan muğayat olmasını tapşırıb ayağa duraraq evi tərk etmişdi...

Məhz həmin günü xatırlayan Məlahət Cahanı daha da bərk bağrına basdı. Onu özü ilə aşağı mağara apardı. Həyətdə Cahanı mağara yola salıb özü yeznəsi Fazil müəllimin yanına yaxınlaşaraq onunla üz-üzə dayandı:

-Bəlkə ayılasan-dedi, bəlkə ayılıb görəsən ki, Cahan da sənin bir parçandır.

- Yenə Cahan? Axı bu Cahan nə müqəddəs olub?-deyə, Fazil müəllim əsəbi halda soruşdu.

- Bəsdir Fazil, bəsdir! Yaxşı olar ki, bir az da Cahana diqqət göstərəsən. Bir az da evə gec qalxsaydım indi Cahanı da itirmişdik.

- Nə yaxşı? Niyə qalxırdın axı, hə? Gərək öləydi, bir dəfəlik mənim də canım qurtulardı.

Fazil müəllimin son sözlərinə dözməyən Məlahət ona əl qaldırmamaq üçün ürəyində “lənət şeytana”, deyərək iti addımlarla mağara girdi. Bayaqdan kənardan olanları seyr edən Məlahətin qardaşı Teymur məsələnin nə olduğunu anlamışdı. Artıq nələrin baş verdiyini bilirdi, elə buna görə də ağır addımlarla mağara daxil olub bir kənarda oturan Cahana yaxınlaşdı. Onu süzdü, onun yanında oturaraq əlindən tutub xəfifcə və hiyləgərcəsinə gülümsədi...

Cahan dayısı Teymura baxdı, onun bu hərəkətini özlüyündə bir dayı sevgisi kimi başa düşdü. Teymur isə Cahanı süzüb:

- Görürsən, səni kimsə sevmir Cahan, dedi.

-Yox, niyə ki, hamı məni sevir. Sadəcə atam anama görə üzülür.

- Eh Cahan, Cahan. Bu qədər sadəlövh olma. Səni xalandan başqa heç kimsə istəmir.

Dayısı Teymurun bu sözlərindən Cahan özlüyündə incidi. Əslində Cahan da yaxşı bilirdi ki, dayısı Teymurun sözlərində həqiqət var. Bu üzdən də heç bir söz deməyib ayağa duraraq mağardan çıxdı.

Cahan anası Gülzarın ölümü ilə heç barışa bilmirdi. Evdə anası Gülzarın əşyalarına baxıb doluxsunmuşdu, istər-istəməz yaş axırdı gözündən. Öz-özünə: “Ana, anacan, mən sənsiz bacarmıram. Mən sənsiz neyləyim ana? Ürəyim dözmür anacan. Nə olar. gəl məni də apar” deyə, ağlamağa başladı. Bu zaman səs eşidib səsə tərəf döndü. Bacısı Arzunu görüb əli ilə gözünün yaşını sildi. Arzu Cahanın başını sığallayıb:

- Cahan,-dedi.

- Get bacı, - deyə, Cahan ona baxdı:

- Atam gəlib səni yanımda görməsin.

- Görsün də, sən mənim bacımsan.

- Bunu sən başa düşürsən. Amma heç kəs bunu anlamaq istəmir, bacısının quzusu.

- Arzu, mən daha təkəm.

- Yox, deyə, Arzu Cahanın əlindən tutdu:

- Mən varam quzum, sənin bacın var. Bundan sonra mən sənin həm anan, həm də bacınam. Unutma bunu, sən mənim hər şeyimsən.

-Bəs atam? O, mənə niyə nifrət edir?

Arzu Cahanın sualını cavabsız qoydu. Cahana nə cavab verəcəyini bilməyib otaqdan çıxmaq istədiyi zaman Cahan:

- Gördün,-dedi, sən bu suala cavab verə bilmədin. Axı nə cavab verəsən ki? Bilirsən ki, mən haqlıyam Arzu, bilirsən ki, atam Fazil müəllim məni sevmir, mənə nifrət edir. Amma o, mənə nifrət etsə də, mən onu atam olduğu üçün sevirəm.

Arzu ayaq saxlayıb Cahanı öpərək otaqdan çıxıb aşağı qadınlara kömək üçün mağara getdi.

Cahan yenə tək qaldı, yenə divardan çərçivəyə salınmış anası Gülzarın şəkli ilə baş-başa qaldı. Çərçivədəki şəklə baxıb dərindən ah çəkərək içəri daxil olan dayısı Teymura baxdı. Ağır addımlarla içəri girən Teymur divardan asılmış bacısı Gülzarın şəklinə baxıb üzünü Cahana tutaraq:

- Görürəm ikimiz də darıxırıq,-dedi:

- Bəlkə dayı-bala bir az əylənək, Cahan hə, nə deyirsən?

Heç nə anlamayan Cahan dayısı Teymura baxdı. Onun nə demək istədiyini anlamayıb təəccüblə ona baxdı. Teymur isə Cahana yaxınlaşıb onu divara söykəyərək:

-Səni gözəl başa düşürəm, səni başa düşə bilməyən bir cəmiyyətdə yaşamaq çox çətindir Cahanım,-deyib nəfəsini onun boynunda, əlini isə baldırında gəzdirməyə başladı...

Ardı növbəti sayımızda.