BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

Bəyəndim (0) Bəyənmədim (0)

(REAL HADİSƏLƏR ƏSASINDA)

7-ci hissə

Əvvəli keçən sayımızda

... - Nə desəm onunla razı olacaqsan?

- Hə, nə desən razıyam.

Fazil müəllim Cahana baxdı. Siqaret yandırıb Qurban müəllimin kabinetində gəzərək pəncərəyə yaxınlaşdı. Pəncərədən çölə baxaraq:

- Madam ki, hər şeyə razısan, o zaman diqqətlə mənə qulaq as,-dedi:

- Mən səni ərə vermək istəyirəm, istəyirəm ki, sən yaxın dostum Rəsula ərə gedəsən.

Cahan eşitdiklərinə inanmadı. Atası Fazilin dedikləri onun qulaqlarında əks səda yaratdı.

- Nə?-deyə, soruşdu:

- Sən nə dedin?

- Məncə təkrar etməyə ehtiyac yoxdur. Başa düş, mən səni evimdə görmək istəmirəm, Cahan. Hər səni görəndə mən əsəb oluram və buna görə də qərara gəlmişəm ki, səni dostum Rəsula ərə verim.

- Sən nə danışdığını anlayırsan, ata?

- Qanmaz özünsən, mən tam əminliklə bunu sənə deyirəm. Əgər təklifimi qəbul etsən, sənin sevimli Humay xanımın da bu məktəbdə qalacaq. Yaxşı fikirləş Cahan, sən öz düşünülmüş addımınla bir insan həyatı qurtara bilərsən.

Sözünü bitirən Fazil gözünü pəncərədən çəkib Cahana baxdı. Cahan isə onun dediklərindən nə deyəcəyini bilmirdi.

Humay xanım kabinetdə yer-yığış etməkdə davam edirdi ki, Cahanın sinif rəhbəri Şərqiyyə müəllimənin içəri girdiyini gördü. İçəri girən Şərqiyyə müəllimə:

- Humay,-dedi, görürəm Cahan səni də bu məktəbdən uzaqlaşdırmağı bacardı. Əhsən ona.

- Yox, Şərqiyyə müəllimə, Cahanın heç bir günahı yoxdur. Mən özüm işdən uzaqlaşıram.

- Sən, Allah bəsdir, uşaq başı aldatdın. Bütün məktəb artıq sənin nəyə görə getdiyini bilir. Sağ olsun məktəb direktoru, aləmə car çəkib. Cahan da atası ilə direktorun kabinetində söhbət edir.

Humay bunu eşidər-eşitməz ayağa durdu. Otaqdan çıxaraq yeyin addımlarla məktəb direktorunun otağına getməyə başladı.

Qurban müəllimin kabinetinə yaxınlaşan Humay xanım qapını açıb içəri girdi. Fazil və qızı Cahanı görüb onlara baxdı. Fazil onun içəri girdiyini görüb kinayə ilə:

- Al, bu da sənin qoruyucu mələyin Cahan,-dedi, amma mən sənə təklifimi etdim, axşama qədır mənim təklifimə cavab gözləyirəm.

Sözünü bitirən Fazil plaşını əlinə alıb Qurban müəllimin kabinetindən çıxaraq getdi. Cahan atası Fazilin təklifindən donub qalmışdı. Humay xanım Cahana baxıb onu kabinetdən çıxardı, onu öz otağına gətirib oturdaraq stəkana su süzüb ona uzatdı. Cahan qəhərdən boğulurdu, danışmağa çətinlik çəkirdi. Məsələnin ciddi olduğunu Humay xanım anlamışdı və məcburən onu danışdırmaq istəmirdi. Cahan ona baxdı, qəhərdən boğulduğu üçün güclə:

- Humay xanım, kaş ki, anamın yerinə atam ölərdi,-deyib, ağlamağa başladı.

Humay xanım Cahanı dilə tutub sakitləşdirməyə çalışdı. Cahan suyu içib ayağa duraraq ona baxdı:

- Narahat olmayın Humay xanım, mən izin vermərəm ki, siz işdən çıxasınız. Atam haqlı imiş, doğrudan da mən hamıya ancaq bədbəxtlik gətirirəm.

- Yox, Cahan, belə danışma. Sən çox yaxşı qızsan, səni mən burda olmasam belə həmişə qoruyacağam,-deyərək Humay xanım Cahanın əlindən tutdu.

- Mən sizi çox istəyirəm.

- Elə mən də. Bir şeyi unutma Cahan, mən sənin dayından şikayət edəcəyəm. O, sənə etdiklərinə görə qanun qarşısında cavab verməlidir,-deyə, Humay xanım israrla bildirdi.

Təsadüfən Cahanın dalınca gələn rəfiqəsi Qumru Humay xanımın sözlərini eşidib dayandı. Öz-özünə: “Başa düşmədim, Cahana dayısı neyləyib ki?” deyə sual verdi: “Deməli Cahana nəsə olub ki, belə hamıdan uzaqlaşıb? Axı, nə olub görəsən? Cahan niyə mənə həqiqəti demir?”.

Dərs bitmişdi. Cahan dərsdən çıxıb Ömər ilə görüşdükdən sonra evə getməyi düşünürdü. Ona bu gün baş verənlər haqqında danışmaq və başına gələn hadisəni də bildirmək istəyirdi. Məktəbdən çıxan Cahan parka həmişə görüşdükləri məkana tələsirdi. Həmişə Ömər onu gözləyirdi deyə bu dəfə istəyirdi ki, o, Ömərdən qabaq ora çatsın. Bu səbəbdən də addımlarını daha sürətləndirmişdi.

Humay xanım isə Cahana kömək etmək, dayısı Teymurun cəza alması üçün yaxın tanışı təhqiqatçı Samirlə danışmaq qərarına gəlmişdi. Amma bundan öncə o, qərara gəlmişdi ki, Cahanın nənəsi Ceyran arvadla bu məsələni danışsın. Bu səbəbdən də Humay xanım onun nənəsi Ceyran arvadın evinə yollanmışdı.

Cahan isə Ömərdən tez parka çatmışdı. Oturacaqda oturub onu səbirsizliklə gözləyirdi. Hər dəqiqə saata baxıb onun üçün həyəcanlanırdı. Olanları, başına gələnləri axı Ömərə danışmamışdı. Düşünürdü ki, danışsa bəlkə də onu anlayar Ömər. Onu gözlədiyi zaman oturacağa gəlib oturan Qumru Cahana baxdı. Qumrunu görən Cahan:

- Sən burda neyləyirsən?-deyə soruşdu.

- Biz danışmalıyıq.

- Nəyi?

- Cahan, sən həmişə məni özünə yaxın rəfiqə bilmisən. Məndən heç bir sirrini gizlətməmisən, həmişə dərdimizi bir-birimizə danışmışıq. İndi bəs nə oldu?

- Nə olmalıdır ki?

- Bunu sən yaxşı bilərsən, Cahan? Sənə nə olub?

- ........

- Susma Cahan, de görüm sənə nə olub?

Cahan ayağa durmaq istədi. Qumru onun qolundan tutub onu saxladı:

- Yetər artıq. Sənə kim neyləyib, Cahan? Niyə məndən qaçırsan?

- Mən heç kəsdən qaçmıram. Bu mənim həmişəki təbiətimdir,-deyə, Cahan saçını düzəltdi:

-Sənə elə gəlir ki, mənə nəsə olub.

- Yalan danışma Cahan, sən heç bir zaman yalan danışa bilmirsən. Mən səni uşaqlıqdan tanıyıram. De görüm, sənə nə olub axı Cahanım? deyə, Qumru Cahanın əlindən tutdu.

Cahan Qumruya baxdı. Astaca udqundu, doluxsunmuşdu və bu hal Qumrunun da gözündən yayınmadı. Cahana nə isə olduğunu anladığından üstünə getmədi. Sakitcə onun əlini buraxıb ayağa duraraq getmək istədikdə:

- Qumru, dayan,-deyərək Cahan onu səslədi.

Qumru dayanaraq Cahana baxdı. Cahan ona yaxınlaşıb ona bir gün hər şeyi danışacağını söylədi. Ondan hər şeyi danışması üçün vaxt istədi. Qumru Cahanla razılaşaraq onu öpüb getdi.

Tək qalmışdı Cahan. Ömərin gəlib çıxmaması onu narahat edirdi. Dəfələrlə Ömərə zəng vursa da ondan cavab ala bilməyib gec olduğundan evə yollandı. Yolboyu yalnız düşünürdü Cahan. Artıq iki-üç gün olardı ki, Ömərdən cavab yox idi və bu onu məyus etmişdi.

...Humay xanım Cahanın nənəsi Ceyran arvadın evinə çatmışdı. Qapını döyüb içəri girərək həyətdən onu səslədi. Səsə gələn Ceyran arvad məktəb psixoloqunu görüb duruxdu. Humay xanım Ceyran arvadla salamlaşıb ona onunla söhbət etmək istədiyini bildirdi. Ceyran arvad onu evə dəvət etdi. Evə girib qonaq otağına keçərək üz-üzə oturdular. Ceyran arvad Humay xanıma baxıb:

- Ay qızım, mənimlə nə danışmaq istəyirsən? -deyə, soruşdu.

- Ceyran xala, səninlə ciddi bir məsələ haqqında danışmağa gəlmişəm. Əminəm

ki, bu məsələdən sonra sən hər hansısa bir addımı atacaqsan.

- Məsələ ciddi məsələdir ki?

- Hə. Söhbət sənin nəvən Cahan haqqında olacaq.

- Cahan?-deyə, Ceyran arvad üz-gözünü əydi və bu hal Humay xanımın gözündən yayınmadı. Artıq yanlış yerə gəldiyini anlamışdı.

Humay xanım içində özünü tənbeh etməyə başladı: “Sənə lazım idi Humay, buraya gəlmək? Görmürsən bu qadını da Cahan maraqlandırmır? Nə deyəcəksən axı? Başın burax Humay, sadəcə sən yalnız Cahana kömək edə bilərsən”.

Ceyran arvad Humayın fikrə getdiyini görüb öz səsi ilə onu fikirdən ayırdı:

- Sən mənimlə Cahan haqqında nə danışmaq istəyirdin?

- Yox elə də vacib bir şey deyildi. Narahat olma Ceyran xala, Cahandır da,-deyə xəfifcə gülümsədi.

- Ay qızım, sən bayaq elə ciddi danışdın ki, dedim yəqin Cahana nə isə olub.

- Yox, yox, Cahana heç nə olmayıb. Məni tanımırsan, mən ancaq xırda bir məsələni böyütməyi sevirəm. Məni qınama Ceyran xala, psixoloqları bilmirsən.

Humay xanım Ceyran arvadı inandırmışdı. Artıq ona heç bir söz demək istəmirdi. Sakitcə onunla sağollaşıb onun evini tərk etdi.

Axşam idi. Cahan dəfələrlə Ömərə gün ərzində zəng vursa da, Ömər telefonlara cavab verməmişdi. Bu da Cahanı narahat edirdi. Otağında oturub düşünürdü Cahan. Düşüncələr aləmində anası Gülzarı düşünürdü ki, atası Fazilin içəri girdiyini görüb ayağa durdu. Fazil siqaret yandırıb ona baxdı. Sakitcə siqaretindın tüstü alıb:

- Hə,-dedi, -sən nə qərara gəldin?

- Ata, axı sən məndən nə istəyirsən?

- Mən sənə bir təklif etdim. Psixoloq xanımın işdə qalmasını istəyirsənsə, o zaman dediyimlə razılaşmalısan.

- Axı, niyə ata? Məgər sənin mənə yazığın gəlmir? Axı mən də sənin övladınam. Mən də...

- Sus,-deyə, Fazil onu sözünü tamamlamağa imkan vermədi:

- Sənə zamanında demişəm, özünü Arzu və Azərlə bərabər görmə. Sən mənim üçün bir səhvsən, istəyirəm ki, tamamilə itəsən.

- Və sən məni öz istəklərinə görə qurban verməyə hazırsan? Məgər görmürsən ki, mən onsuz da yoxam? Mən yaşamıram, mən ölmüşəm onsuz da, ata.

- Kaş ki, bu gerçək olaydı. Kaş ki, sən gerçəkdən ölərdin.

- Məni onsuz da dayım Teymur ruhən öldürüb ata. Sənin arzun hardasa çin olub.

- Nə? deyə, Fazil siqaretini söndürdü

- Hə duaların çin olub ata, narahat olma. Məni zatən ruhən öldürüblər. Sənin bir heç saydığın Cahanı...

Sözünü bitirməyə imkan olmadı. Cahanın əl telefonuna zəng gəldi. Cahan telefonu açıb cavab verdi:

- Alo, bəli, Məsmə xala, nəsə olub? Nə?... necə?... ola bilməz?

Cahanın eşitdiklərindən telefon əlindən düşdü. Rəngi kağız kimi ağardı və bu vəziyyətə atası Fazil qorxdu.

Cahan doluxsunmuşdu, eşitdiyi xəbərdən özünü itirmişdi. Yerə çökdü. Atası Fazil belə qorxsa da bunu büruzə verməməyə çalışdı. Otaqdan böyük qızı Arzunu səslədi. Cahan isə atası Fazilə baxıb:

- Mən getməliyəm,-dedi.

Səsə gələn Arzu atası Fazilə və Cahana baxdı. Cahanı yerdən qaldırıb ona nə olduğunu soruşdu. Cahan isə bacısı Arzunu qucaqladı:

- Bacı, Ömər xəstəxanadadır.

- Necə?

- Hə, mən xəstəxanaya getməliyəm. Ömərin yanında olmalıyam.

Sözünü bitirən Cahan plaşını götürüb evdən çıxmaq istədikdə Fazil onu saxladı.

- Görürsən mən dediyim doğrudur. Sən hamıya zərər verirsən ancaq, deyə, yenədə atmacasından qalmadı.

Cahan heç bir söz demədi, sadəcə evdən çıxaraq tez bir zamanda Ömərin yanında olmaq istəyirdi.

Humay xanım isə artıq Cahana kömək etmək üçün çıxış yolunu yaxın dostu, təhqiqatçı Samir ilə danışmaq qərarına gəlmişdi. O, yaxşı bilirdi ki, nə atası Fazil, nə də nənəsi Ceyran arvad ona heç nə etməyəcəkdir. Məhz elə səhər açılan kimi ilk işi polis bölməsinə gedib Samirlə danışacaqdır...

Ardı növbəti sayımızda.