Netanyahu Makronun Fələstini dövlət kimi tanımaq qərarını pisləyir

Netanyahu Makronun Fələstini dövlət kimi tanımaq qərarını pisləyir

25 İyul 08:27
Bəyəndim (3) Bəyənmədim (0)

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanımaq qərarını “qətiyyətlə pislədiyini” bildirib. Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Netanyahu bu qərarın "terroru təşviq etdiyini və Qəzzada baş verənlərə bənzər başqa bir İran kukla dövlətinin yaradılması ilə təhdid etdiyini" bildirib.

"Belə şəraitdə Fələstin dövləti İsraillə dinc yanaşı yaşamaq üçün deyil, onu məhv etmək üçün tramplin olacaq", - baş nazir bildirib.
O, həmçinin əlavə edib ki, fələstinlilər İsrailin yanında dövlət yaratmağa deyil, əksinə, “İsrailin əvəzinə dövlət yaratmağa çalışırlar”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib. Orada o, Fransanın bu ilin sentyabrında Fələstini dövlət kimi tanıyacağını bildirib.

“Sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təntənəli bəyanatla çıxış edəcəyəm”, – Makron bildirib.

O, həmçinin əlavə edib ki, Qəzzada müharibənin dayandırılması və mülki əhaliyə yardımın göstərilməsi üçün təcili ehtiyac var.

“Həmasın demilitarizasiyasını, Qəzzanın təhlükəsizliyini və bərpasını təmin etmək lazımdır”, - Fransa lideri əlavə edib.

Əziz Mustafa