
Ekspert: "Yaxın müddətdə qızıl yenidən ucuzlaşacaq”
"Qızıl mağazalarında bolluq olsa da, müştəri sarıdan seyrəklikdir; iqtisadçı ekspert: "Yaxın müddətdə qızıl yenidən ucuzlaşacaq"
Dünyada qızılın unsiyası 6,10 dollar bahalaşaraq 1 337,50 dollara çatıb. Dünya bazarında bahalaşmanın Azərbaycanın da qızıl bazarına təsir edib-etmədiyini öyrənmək üçün bir neçə qızıl mağazasına baş çəkdik. İlk baş çəkdiyimiz yer Moskva Univermağı oldu. Burada qızıl məmulatları çox olsa da, alıcılar az idi.
Apardığımız müşahidə isə qızılın qiymətində xeyli artım olduğunu deməyə əsas verirdi. Söhbətləşdiyimiz satıcılar isə bahalaşma və ya ucuzlaşmanın manatın dəyərindən asılı olduğunu deyirdilər. Qiymətlərə gəlincə, Rusiya qızılı 750 əyar 50 manata, 585 əyar isə 40 manata, türk qızılının qramı 40 manata, İtaliya qızılının qiyməti isə əyarından asılı olaraq 60-70 manat arasında satılırdı.
Satıcılar alıcıların az olduğundan gileylənirdilər. Satıcı Elnur Əliyev qızıl alanların da daha çox nişan-toy edənlər olduğunu dedi: "Alver bir ara güclü oldu. İndi zəifləyib. Məhərrəmlikdə, ümumiyyətlə, qızıl alan az olur. Qızılını gətirib satanlar, dəyişdirmək istəyənlər də var. Təbii ki, alış və satış qiyməti fərqlənir".
Söhbətə qatılan digər satıcı isə qızılı satdıqları qiymətdən ucuz verdiklərini də dedi: "Amma baxır hansı qızılı. Elə qızıl var ki, onun qiymətindən 50 manat, elə qızıl da var ki, qiymətindən 100 manat düşürük. Bunu daha çox gəlin komplektlərində edirik. Qızılın daha da bahalaşıb-bahalaşmayacağını deyə bilmərik. Bu, manatdan asılıdır".
Alıcılardan isə qızılın qiymətinə narazılıq edənlər kifayət qədər idi. Oğlu üçün nişan qızılları almağa gəldiyini deyən Səmra Həsənova: "Qızıl çox bahadır. Əvvəl kimlər qızıl alıb yığıbsa, o adamlar udub. Qramı 35 manata olan qızıl indi 50-60 manata satılır. Alıcıları düşünən yoxdur".
Söhbətə müdaxilə edən alıcı Kəmalə Məmmədova qızılın qiymətini əhalinin gəlirlərini nəzərə alaraq təyin edilməsinin tərəfdarı olduğunu dedi: "Qızılı çox ucuz alır, çox da baha satırlar. Bu qanun harada yazılıb. Mən qızıl boyunbağını 500 manata almışdım. İndi pula ehtiyacım olduğundan satmağa gətirmişəm, cəmi 350 manat pul verirlər".
Baş çəkdiyimiz digər qızıl mağazalarında da vəziyyət eyni idi. Hətta elə qızıl mağazası vardı ki, satıcılar müştəri üzünə həsrət, boş-bekar otururdular.
Maraqlıdır, dünya bazarında qızılın qiymətinin bahalaşması Azərbaycanın qızıl bazarına da təsir edəcəkmi?
İqtisadçı ekspert Rəşad Həsənov Azərbaycanda qızılın bahalaşma səbəbinin dünya bazarı ilə deyil, manatın dəyərdən düşməsi ilə əlaqədar olduğunu dedi: "Ümumiyyətlə götürəndə Azərbaycan bazarı çox məhdud bazardır. Ona görə də Azərbaycanda daha çox zinət əşyalarının alınıb satılması bazarı kimi təşəkkül tapıb. Eyni zamanda kiçik bazar olduğu üçün dünya bazarlarında baş verənlərə nisbətən gec reaksiya verir. Bizim ölkədə qızılın bahalaşmasının əsas səbəbi manatın dəyərini itirməsidir. Bildiyiniz kimi, bir neçə gün əvvəl bazarlarda valyuta tapılmırdı. Tapılan valyutada təxminən 1 manat 80 qəpiyə, 1 manat 90 qəpiyə alan sahibkar təbii ki, ölkəyə ixrac etdiyi qızılın qiymətini də ona uyğun müəyyənləşdirəcək. Eyni zamanda qeyd etdiyimiz kimi, xarici ölkələrdə qızıl investisiya vasitəsidir. Bu baxımdan da qızılın alışı və satışı arasında qiymətlər çox cüzidir. Yəni kiçik faizlərlə ifadə olunan marjadır. Azərbaycanda isə dünya təşkilatçısı kimi alınıb satıldığı üçün qızılın alışı və satışı arasında kəskin fərq var. Yəni burada təxminən 10 bəzən də 15 dollara qədər, lom şəklində olan qızılda isə 6-7 dollara qədər fərq olur ki, bu da investisiya yatırılması baxımından sərfəli deyil. O ki qaldı dünya bazarında baş verənlərin Azərbaycana təsirinə, qeyd etdiyimiz səbəblərdən bu, yerli qızıl bazarına nisbətən gec təsir göstərir. Çünki bizim bazarlara qızıl idxal olunmur. Yəni son dövrlərdə, xüsusilə də bazarın dövriyyəsi daraldığına görə, yəni təxminən bir ay əvvəl gətirilmiş qızılı bu gün dünya bazarlarında ucuzlaşsa, sahibkar onu ucuzlaşdırar. Amma bahalaşsa, cəhd göstərər ki, bahalaşsın. Amma bu bazarda tələbat da kifayət qədər aşağı düşüb. Bu baxımdan da ciddi şəkildə bahalaşdıra da bilmir".
İqtisadçı ekspert qızılın qiymətinin dünya bazarında qalxmasının əsl səbəbinin dolların ucuzlaşması ehtimalı ilə bağlı olduğunu dedi: "Dollar əsas dünya valyutalarına qarşı 0,5 faiz ucuzlaşıb. Bu da özünü qızılın qiymətində, o cümlədən digər əmtəələrin, neftin və sairə də özünü göstərir. Amma bu, uzun müddətli olmayacaq. Hələlik növbəti iki toplantı var. Bu toplantıların da çox yaxın müddətdə baş verəcəyi üçün qısa müddət sonra dünya bazarlarında yenidən qızılın qiymətində ucuzlaşma müşahidə olunacaq. Bu da bizim daxili bazarda sadəcə lom qızılının alınıb satılması qiymətində özünü göstərəcək. Amma digərlərində göstərməyəcək". (musavat)
Mediainfo.az